Bank

Əmanətlərin Sığortalanması Fondu "Azərbaycan Kredit Bankı"nın ləğvini tamamlayıb

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) ləğvetməsi həyata keçirilən "Azərbaycan Kredit Bankı" ASC-nin ləğvi prosesinin yekunlaşdırılması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş hüquqi prosedurları tamamlayıb və ləğvetmənin başa çatdırılmasını təmin edib.

ENA ƏSF-ə istinadən xəbər verir ki, "Azərbaycan Kredit Bankı" 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29.07.2015-ci il tarixli, 2-1(81)-3854/2015 nömrəli qərarı ilə məcburi ləğv edilmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26.02.2019-cu il tarixli, 2-1(103)-798/2019 nömrəli qərardadına əsasən Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilib.

Fond banka ləğvedici təyin edildikdən sonrakı dövr ərzində "Azərbaycan Kredit Bankı"nın öhdəliklərinin qısa müddət ərzində icrasının təmin edilməsi istiqamətində qanunla müəyyən edilmiş tədbirlər həyata keçirib və nəticədə bütün öhdəliklərin icrası tam təmin edilib. ƏSF tərəfindən bankın ləğv prosesinin yekunlaşdırılması və ləğvedicisi qismində Fondun fəaliyyətinə xitam verilməsinə dair ərizə ilə müvafiq məhkəməyə müraciət edilib.

Ali Məhkəmənin İnzibati Kollegiyasının 19.08.2026-cı il tarixli, 2-3(1-8)-4/2026 nömrəli qərarı ilə ƏSF-in ərizəsi təmin edilərək "Azərbaycan Kredit Bankı" ASC-nin ləğv prosesi yekunlaşdırılıb və Fondun ləğvedici qismində fəaliyyətinə xitam verilib.

Qeyd edilib ki, Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində hazırda 21 bank vardır. Fond bu bankların da ləğvetməsini kreditorların maraqlarına uyğun şəkildə mümkün ən qısa zaman ərzində yekunlaşdırılması üçün bütün zəruri tədbirləri həyata keçirməkdədir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)