"Bank Avrasiya"nın mənfəəti 79% azalıb – əsas səbəb kredit risklərinə ayrılan ehtiyatlardır
"Bank Avrasiya" ASC bu ilin I yarısını 939 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrünə nisbətən 4,7 dəfə azdır. ENA.az xəbər verir ki, hesabata əsasən, əsas bankçılıq xidmətlərindən gəlirləri artsa da, kredit riskləri üçün ayrılan ehtiyatların kəskin yüksəlməsi xalis mənfəətin ciddi azalmasına səbəb olub.
Faiz gəlirləri artımını davam etdirib
Hesabat dövründə Bank Avrasiya 8,72 milyon manat faiz gəliri əldə edib. Bu, ötən ilin eyni dövründəki 8,0 milyon manatla müqayisədə təxminən 9% artım deməkdir.
Artım əsasən üç istiqamətdə müşahidə olunur:
- Müştərilərə verilmiş kreditlərdən faiz gəlirləri 6,67 milyon manatdan 6,85 milyon manata yüksəlib;
- Banklarda yerləşdirilmiş depozitlər üzrə faiz gəlirləri 731,7 min manatdan 1,04 milyon manata çataraq 41,6% artıb;
- Digər faiz gəlirləri isə 357 min manatdan 579 min manata yüksəlib.
Bu göstəricilər bankın faiz gətirən aktivlərinin artdığını göstərir.
Depozit faizləri bankın xərclərini artırır
Gəlirlərlə yanaşı, bankın faiz xərcləri də sürətlə artıb. Faiz xərcləri 1,18 milyon manatdan 1,60 milyon manata yüksələrək təxminən 35% artıb. Ən diqqətçəkən dəyişiklik isə depozitlər üzrə ödənilən faizlərdədir. Depozit faiz xərcləri 222 min manatdan 624 min manata yüksələrək təxminən 2,8 dəfə artıb. Bu tendensiya bank sektorunda əmanət cəlb etmək uğrunda rəqabətin gücləndiyini göstərir.
Xalis faiz gəliri müsbət dinamikanı qoruyur
Artan maliyyələşmə xərclərinə baxmayaraq, bankın xalis faiz gəliri 6,0 milyon manatdan 6,82 milyon manata yüksəlib. Bu isə təxminən 13,6%-lik artım deməkdir və bankın əsas biznes fəaliyyətinin hələ də gəlir yaratdığını göstərir. Qeyri-faiz gəlirləri də yüksəlib. Bankın qeyri-faiz gəlirləri 1,43 milyon manatdan 1,65 milyon manata çatıb. Bununla belə, komissiya gəlirlərində cüzi azalma müşahidə olunur. Əvəzində digər gəlirlər və valyuta əməliyyatlarından əldə olunan gəlirlər artıb.
Əməliyyat mənfəəti artır, amma...
İlk baxışda bankın əməliyyat nəticələri müsbət görünür. Əməliyyat mənfəəti 2,65 milyon manatdan 2,81 milyon manata yüksəlib. Lakin bundan sonra mənzərə dəyişir.
Mənfəəti azaldan əsas amil – kredit riskləri
Bank mümkün kredit itkiləri üçün ayırdığı ehtiyatları 1,33 milyon manatdan 2,04 milyon manata yüksəldib. Bu, 53,7%-lik artım deməkdir. Məhz bu əlavə ehtiyatlar bankın yekun maliyyə nəticəsinə ən ciddi təsiri göstərib. Nəticədə Bank Avrasiya ötən ilin ilk yarısında əldə etdiyi 4,42 milyon manat xalis mənfəəti bu il 939 min manata qədər azaldıb. Bu isə təxminən 79% azalma deməkdir.
Bank Avrasiya-nın hesabatı göstərir ki, bank kredit portfelinə daha konservativ yanaşmağa başlayıb və gələcək risklər üçün əlavə ehtiyat yaradır və ya kredit portfelində risk səviyyəsinin yüksəlməsi bankı daha çox qarşılıq ayırmağa məcbur edib. Hər iki halda, bu addım qısamüddətli mənfəəti azaltsa da, uzunmüddətli perspektivdə bankın maliyyə dayanıqlığını gücləndirməyə xidmət edə bilər.
Aktivləri artıb
Bu il iyulun 1-nə "Bank Avrasiya"nın aktivləri 218,528 milyon manat olub ki, bu da illik müqayisədə 11,9 % çoxdur. Bunun 128,298 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 6,8 % böyüyüb.
Hesabat dövründə "Bank Avrasiya"nın öhdəlikləri 20,2 % artaraq 127,737 milyon manata, o cümlədən depozit portfeli 41,1 % artaraq 75,297 milyon manata, balans kapitalı isə 2,1 % artaraq 90,791 milyon manata çatıb.
Xatırladaq ki, "Bank Avrasiya" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 71,8 milyon manatdır. Bankın səhmlərinin 49,5 %-i "Azbizneskom" MMC-yə, 49,5 %-i "Top Properties" MMC-yə, 1 %-i isə Rüstəm Eynullayevə məxsusdur.

















