TURİZM

Qoruqlardan dövlət büdcəsinə 6,2 milyon manat daxil olub - MÜSAHİBƏ

Dövlət Turizm Agentliyinin (DTA) qədim Şəkiyə təşkil etdiyi media səfəri çərçivəsində Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli ilə qısa müsahibəni təqdim edirik. Müsahibədə Şəkinin turizm potensialının genişləndirilməsi, tarixi irsin qorunması, yeni turizm məhsullarının yaradılması və bölgəyə gələn turistlərin sayəsində yerli iqtisadiyyatda yaranan imkanlardan danışılır.

— Son dövrlərdə xüsusilə “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunda yeni turizm məhsulları yaradılır. Hazırda hansı yeniliklər var?

— Şəkidə əsas məqsədimiz zəngin tarixi irsi qorumaqla yanaşı, onu ziyarətçilər üçün daha əlçatan və maraqlı etməkdir. Bu istiqamətdə bir sıra yeni layihələr həyata keçiririk. Şəki Tarix-Diyarşünaslıq Muzeyində 3 mindən çox eksponat var və artıq onların 2 minə yaxını ziyarətçilərə nümayiş etdirilir.

Şəbəkə emalatxanası yenidən istifadəyə verilib, burada fəaliyyət üçün zəruri infrastruktur yaradılıb. XIX əsrə aid keçmiş barıt anbarının binasında duluzçuluq emalatxanası təşkil olunub. Eyni zamanda, Şəki Memarlıq Muzeyinin yaradılması istiqamətində işlər davam edir, tarixi hamamların bərpasına başlanılıb. Bütün bunlar Şəkinin turizm təcrübəsini zənginləşdirməyə, şəhərin tarixi və sənətkarlıq ənənələrini daha geniş auditoriyaya tanıtmağa xidmət edir.

— Şəki Xan sarayına maraq hansı səviyyədədir?

— Şəki Xan sarayı bölgənin ən çox ziyarət edilən tarixi məkanlarından biridir. Bu ilin yanvar-sentyabr aylarında sarayı ziyarət etmək üçün 128 487 nəfər bilet əldə edib. Onların 72 309 nəfəri, yəni 56,28 faizi yerli, 56 178 nəfəri və ya 43,72 faizi isə xarici turistlər olub. Bundan əlavə, 42 050 nəfər qoruğu ödənişsiz ziyarət edib. Bu rəqəmlər Şəkinin həm yerli, həm də xarici turistlər üçün cəlbedici istiqamət olduğunu göstərir.

—  Azərbaycanda qoruqların fəaliyyəti iqtisadi baxımdan nə dərəcədə səmərəlidir? Hansı qoruqlar daha çox gəlir gətirir?

— Qoruqlarımızın demək olar ki, hamısı rentabelli fəaliyyət göstərir. Ən çox gəlir gətirən qoruqlar sırasında “Yanardağ” və “Atəşgah”, eləcə də Şəkidə yerləşən “Yuxarı Baş” və “Kiş” qoruqları var. Bu qoruqların ötən il dövlət büdcəsinə təmin etdiyi gəlir 6,2 milyon manat təşkil edib.

Qoruqların fəaliyyəti yalnız tarixi irsin qorunması ilə məhdudlaşmır. Onlar eyni zamanda turizmin inkişafına, yerli sahibkarlıq subyektlərinin fəaliyyətinə və regionlarda iqtisadi imkanların genişlənməsinə töhfə verir.

— Tarixi abidələrin bərpası zamanı xaricdən mütəxəssislər dəvət olunur, yoxsa yerli ustalara üstünlük verilir?

— Biz, ilk növbədə, həmin bölgənin ustalarına müraciət edirik. Çünki yerli ustalar ərazinin memarlıq xüsusiyyətlərini, ənənələrini və istifadə olunan materialları daha yaxşı tanıyırlar. Məsələn, Basqalda aparılan bərpa işlərinə Şəki ustalarını cəlb etmirik. Xınalıqda iş görülürsə, oraya da Şəkidən usta aparmaq əvəzinə, müvafiq bölgənin mütəxəssislərinə üstünlük veririk.

Hesab edirik ki, hər bölgədə öz ustalarının çalışması həm işin keyfiyyəti, həm də yerli sənətkarlıq ənənələrinin yaşadılması baxımından daha səmərəlidir.

— Şəki onsuz da ölkənin tanınmış turizm istiqamətlərindəndir. Yeni məhsulların yaradılması hansı dəyişikliyi gətirir?

— Əsas məqsədimiz turistlərin Şəkidə daha çox vaxt keçirməsinə nail olmaqdır. Bir neçə il əvvəl qala divarlarına gələn turistlərin əksəriyyəti Xan sarayını ziyarət etdikdən sonra buradan ayrılırdı. Əgər əvvəllər şəhərdə təxminən bir saat vaxt keçirirdilərsə, indi bir və ya bir neçə gün qalmaq imkanları daha genişdir.

Artıq turistlər təkcə Xan sarayı ilə kifayətlənmirlər. Onlar müxtəlif muzeyləri ziyarət edir, sənətkarlıq nümunələri ilə tanış olur, yerli qonaqlama və iaşə xidmətlərindən istifadə edirlər. Yeni turizm məhsulları bu marağı daha da artırır və Şəkini daha dolğun səyahət təcrübəsi təqdim edən məkana çevirir.

— Turistlərin şəhərdə daha uzun müddət qalması onların xərclərinə və yerli biznesə necə təsir edir?

— Təbii ki, turistlərin xərcləmələri də artır. Bu prosesdə yerli sahibkarlarla əməkdaşlıq mühüm rol oynayır. Şəkidə iaşə və qonaqlama obyektlərinin sayı ildən-ilə artır. Turizm məhsulları nə qədər rəngarəng olsa, turistlərin bölgədə qalmaq, yeni məkanları kəşf etmək və yerli xidmətlərdən yararlanmaq imkanları da bir o qədər genişlənər.

Bizim üçün vacib olan tarixi irsin qorunması ilə yanaşı, turizmin yaratdığı iqtisadi imkanların yerli icmalara və sahibkarlara da fayda verməsidir.

— Şəkiyə daha çox hansı ölkələrdən turistlər gəlir?

— Şəkiyə gələn xarici turistlərin coğrafiyası Bakıda müşahidə etdiyimiz mənzərədən müəyyən qədər fərqlənir. Paytaxtda daha çox rast gəlinən hindistanlı və ərəb turistlər Şəki istiqamətinə nisbətən az gəlirlər. Şəkidə isə Rusiya və Türkiyədən, xüsusilə Çin, Koreya və İsraildən, eləcə də Avropa ölkələrindən gələn qonaqlara rast gəlirik.

Diqqət çəkən məqamlardan biri də odur ki, xarici turistlər Şəkiyə, bir qayda olaraq, yalnız bir günlük səfərlə gəlmirlər. Onlar bölgədə bir neçə gün qalmağa maraq göstərirlər. Biz isə bu potensialı daha da genişləndirmək istəyirik.

Hədəfimiz elə turizm məhsulları yaratmaqdır ki, turistlər Şəkidə bir həftə, hətta 10 gün qalmaq üçün kifayət qədər maraqlı məkan və fəaliyyət tapa bilsinlər. Şəkinin tarixi, memarlığı, sənətkarlığı, mətbəxi və təbiəti bu baxımdan böyük imkanlar yaradır. İndi əsas məsələ həmin imkanları vahid və zəngin turizm təcrübəsi şəklində təqdim etməkdir.

— Yeni qoruqların yaradılması ilə bağlı təkliflər varmı?

— Qoruq statusunun verilməsi ölkə rəhbərliyinin səlahiyyətlərinə aid məsələdir. Hazırda ictimaiyyətə açıqlaya biləcəyimiz belə bir təklifimiz yoxdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)