Birja

"London Fond Birjası" Azərbaycan şirkətlərini beynəlxalq bazarlara çıxarmaq istəyir

"London Fond Birjası" Azərbaycan şirkətlərinin beynəlxalq bazarlara çıxışını müzakirə edir.

ENA.az xəbər verir ki, bunu Birjanın Avropa üzrə rəhbəri Ayuna Nechaeva Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.

"Keçən il Baş nazirimizlə birlikdə burada idim və Azərbaycan hökumətinin müxtəlif nazirləri, iqtisadiyyat sahəsinin nümayəndələri ilə bir sıra çox məhsuldar görüşlər keçirdik. "Bakı Fond Birjası" və Azərbaycanın müxtəlif aparıcı şirkətləri ilə də çoxlu məhsuldar görüşlərimiz oldu. Düşünürəm ki, burada real və səmimi maraq var. Bu, sadəcə beynəlxalq kapital bazarlarına çıxmağı nəzərdən keçirən Azərbaycan şirkətlərinin marağı deyil. Hesab edirəm ki, London da daxil olmaqla, beynəlxalq investorların da sürətlə inkişaf edən, investisiya portfellərini diversifikasiya etmək üçün yeni və yüksək keyfiyyətli imkanlar təklif edən bazarları kəşf etməyə böyük marağı var", - deyə o qeyd edib

Birja rəsmisinin sözlərinə görə, təmsil etdiyi qurum Azərbaycan şirkətləri üçün mühüm maliyyə imkanları yarada bilər: "Bu il "London Fond Birjası"nda ən böyük IPO (səhmlərin ilkin kütləvi təklifi) Özbəkistandan oldu. Bu, təxminən 700 milyon ABŞ dolları vəsait cəlb edən "Özbekneftegaz" şirkəti idi. Əslində, şirkət 500 milyon dollar vəsait toplamaq istəyirdi, lakin tələbat o qədər yüksək oldu ki, əməliyyatın məbləğini artırmalı oldular. "Özbekneftegaz"ın səhmləri isə ötən ilin mayından bəri 40 % artımla ticarət olunur. Yenə də Özbəkistanla Azərbaycanı müqayisə etsəniz, bunlar çox fərqli ölkələrdir, lakin bir çox bənzərlikləri var. Burada böyümə var, savadlı və təhsilli əhali var, çoxlu özəl şirkətlər var və onların bəziləri həqiqətən çox həyəcanvericidir. Buna görə də düşünürəm ki, nikbin olmaq üçün əsaslar var. Hesab edirəm ki, imkanlar mütləq mövcuddur. "London Fond Birjası" Azərbaycan şirkətləri üçün beynəlxalq investor icmasına açılan bir qapı ola bilər. Eyni zamanda, bu, bizim özümüz üçün də çox yaxşı biznes imkanıdır".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)