TURİZM

Azərbaycandakı qoruqlardan 4 milyon manatdan artıq gəlir əldə olunub

Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı qoruqlardan 4,1 milyon manatdan artıq gəlir əldə olunub.

Dövlət Turizm Agentliyinin Qoruqların İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli bildirib ki, gəlirlər infrastrukturun saxlanılmasına və inkişaf etdirilməsinə yönəldilir.

"Bundan başqa, əldə olunan gəlirdən bir hissə gəlir vergisi və digər formada dövlətə ödənilir. Təbii ki, bizim hədəfimiz daha çox turist cəlb olunması və daha çox gəlirin əldə edilməsidir. Dediyim gəlirlər sırf bilet satışı ilə bağlıdır. Amma biz Dövlət-Özəl Tərəfdaşlığı modeli ilə bir çox istiqamətlərdə iş aparırıq ki, gəlir təkcə bilet satışından olmasın, digər istiqamətlərdən də olsun", - deyə M.Ağabəyli əlavə edib.

"Eyni zamanda, bilet almadan, yəni ödənişsiz şəkildə ziyarət edənlərin sayı 100 minə yaxındır. Bilet alaraq ziyarət edənlərin 71 %-ni xarici turistlər təşkil edir. Bu da kifayət qədər yüksək rəqəmdir. Məsələn, Palçıq vulkanları turizm kompleksini götürsək, burada ziyarət edənlərin təxminən 93-94 %-ni xaricilər təşkil edir. Amma digər qoruqlarımızda, məsələn, Şəki "Yuxarı Baş" qoruğunda ziyarət edənlərin təxminən 50%-i xaricilərdir", - deyə o qeyd edib.

M.Ağabəylinin sözlərinə görə, palçıq vulkanları turizm kompleksi son illərdə turistlərin ən çox ziyarət etdiyi turizm obyektlərindən biridir: "İl ərzində minlərlə turist vulkanları ziyarət edir, yaradılan şəraitlə tanış olur. Kompleks ərazisində Turizm İnformasiya Mərkəzi, ustad dərslərinin keçirildiyi məkanlar, dulusçuluq və rəsm emalatxanaları, eyni zamanda müxtəlif mineral süxurların sərgiləndiyi sərgi zalı, təbiət tarixi sərgi zalı və digər belə məhsullar mövcuddur".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)