Avropa İttifaqı 9 oyun şirkətinə qarşı araşdırma başlatdı
Avropa İttifaqı (AB) “Candy Crush Saga”, “Minecraft” və “Clash of Clans” kimi oyunlarda virtual valyutaların satışının istehlakçı hüquqlarına uyğunluğunu araşdırmaq üçün 9 oyun şirkətinə qarşı koordinasiyalı araşdırmalara başlayıb.
ENA.az xəbər verir ki, bu barədə AB Komissiyası məlumat yayıb.
Araşdırma çərçivəsində oyun daxilindəki məhsulların və virtual valyutaların real pul ifadəsində qiymətinin açıq göstərilib-göstərilmədiyi, oyunçuların ehtiyacından artıq virtual valyuta almağa təşviq edilib-edilmədiyi və alışdan əvvəl lazımi məlumatların təqdim olunub-olunmadığı yoxlanılacaq.
Bundan əlavə, istifadə olunmamış virtual valyutalarla bağlı 14 günlük imtina hüququ, müqavilə şərtləri və uşaqlar kimi həssas istehlakçı qruplarının qorunması məsələləri də araşdırılacaq.
Araşdırmalar Crytek, InnoGames, King, Mojang, Plarium Europe, PLR Worldwide Sales, Riot Games, Supercell və Ubisoft şirkətlərini əhatə edir. Araşdırılan oyunlar arasında “Candy Crush Saga”, “Minecraft”, “Clash of Clans”, “Valorant” və “For Honor” da var.
AB Komissiyası bildirib ki, araşdırmaların başlanması şirkətlərin qanun pozuntusuna yol verdiyinin artıq müəyyən edilməsi demək deyil. Hazırkı mərhələdə cərimə ilə bağlı qərar açıqlanmayıb.


















