Mərkəzi Bank iki BOKT-un lisenziyasını ləğv edib
Azərbaycan Mərkəzi Bankı (AMB) iki bank olmayan kredit təşkilatının (BOKT) lisenziyalarını ləğv edib.
ENA.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, "Bank olmayan kredit təşkilatları haqqında" qanunun 25-ci maddəsinə müvafiq olaraq, "T-Kredit" MMC BOKT-un təqdim etdiyi ərizədən irəli gələrək, AMB-nin İdarə Heyətinin 29 sentyabr 2026-cı il tarixli qərarı ilə, onun 28 iyul 2026-cı il tarixli, BKT-51 nömrəli lisenziya ləğv edilib.
İdarə Heyətinin yuxarıda göstərilən Qərarı ilə, həmçinin, Qanunun 25-ci maddəsinə əsasən, prudensial tələblərə riayət etməməklə AMB-yə təhrif olunmuş hesabatların təqdim olunmasına görə "Fintrend" MMC BOKT-a verilmiş 5 iyun 2014-cü il tarixli, BKT-24 nömrəli lisenziya ləğv edilib.
Qanuna əsasən, BOKT lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Mülki Məcəllədə müəyyən olunmuş qaydada ləğv edilir.
Bununla da, ölkədə BOKT-ların sayı 51-ə düşdü.
















