Qızıl zəifləyən dollar və ucuzlaşan neft fonunda bahalaşıb (12.10.2026)
Qızılın qiyməti zəifləyən dollar və neft bazarında qiymətlərin geriləməsi fonunda həftəyə yüksəlişlə başlayıb.
ENA.az xəbər verir ki, spot qızılın bir unsiyası 0,3% bahalaşaraq 4 206,01 dollara çatıb. ABŞ-da dekabr fyuçerslərinin qiyməti də 0,3% artaraq 4 230,40 dollar olub. Spot qızıl günün əvvəlində oktyabrın 2-dən bəri ən yüksək səviyyəyə yüksəlib.
Analitiklər qiymət artımını dolların zəifləməsi və neftin ucuzlaşması ilə əlaqələndirirlər. Rusiya ilə Ukrayna arasında enerji obyektlərinə hücumların dayandırılması ilə bağlı razılaşma gözləntiləri neft qiymətlərinə təzyiq göstərib. Neftin ucuzlaşması inflyasiya və faiz artımı ilə bağlı narahatlıqları azaldaraq qızılın cəlbediciliyini artırıb.
İnvestorlar bu həftə ABŞ-da açıqlanacaq istehlak qiymətləri indeksi (CPI), istehsalçı qiymətləri indeksi (PPI) və pərakəndə satış göstəricilərini gözləyirlər. Bu məlumatların Federal Ehtiyat Sisteminin (Fed) gələcək faiz qərarlarına dair siqnallar verəcəyi gözlənilir.
Digər qiymətli metallardan gümüş 0,5% artaraq unsiyası 61,12 dollara, platin 1% yüksələrək 1 704,70 dollara, palladium isə 1,2% bahalaşaraq 1 161,81 dollara çatıb.

















