Bank

Kart, hesab, valyuta əməliyyatı: Banklar faizdən kənar hansı gəlirləri əldə edir?

Azərbaycan banklarının 2026-cı ilin ilk 8 ayında qazancı təkcə kredit faizlərindən formalaşmayıb. Banklar hesabların aparılması, valyuta əməliyyatları və digər xidmətlərdən də yüz milyonlarla manat gəlir əldə edib. 

Mərkəzi Bankın avqust ayı üzrə Statistik bülleteninə görə, bank sektoru yanvar-avqust aylarında 949,7 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövründəki 774,3 milyon manatla müqayisədə 175,4 milyon manat və ya 22,6% çoxdur. Eyni zamanda bankların əməliyyat mənfəəti 1,4877 milyard manata çatıb.

Bankların qeyri-faiz gəlirləri isə 8 ayda 1,3584 milyard manat təşkil edib. Bunun:

Gəlir mənbəyi

2026-cı ilin 8 ayı

Hesabların aparılması üzrə komisyon gəliri

303,4 mln manat

Valyuta əməliyyatlarından xalis gəlir

197,5 mln manat

Qiymətli kağızların satışından gəlir

1,9 mln manat

Digər qeyri-faiz gəlirləri

855,6 mln manat

Cəmi qeyri-faiz gəlirləri

1,3584 mlrd manat

Beləliklə, yalnız hesabların aparılması üzrə komisyon gəliri ilə valyuta əməliyyatlarından xalis gəliri toplasaq, 500,9 milyon manat alınır. Bu iki istiqamət bankların bütün qeyri-faiz gəlirlərinin təxminən 37%-ni formalaşdırır.

Bu, bankların biznes modelində faizdən kənar gəlirlərin də kifayət qədər əhəmiyyətli olduğunu göstərir.

Komissiya gəliri və xərcləri də artır

Bankların xidmətlərdən və komissiyalardan əldə etdiyi gəliri birbaşa mənfəət kimi qəbul etmək düzgün olmaz. Çünki bankların özlərinin də komissiya və xidmət xərcləri var.

Yanvar-avqust aylarında bankların xidmətlər üzrə haqq və komissiya xərcləri 739 milyon manat olub. Yəni bank sektorunun müştərilərdən və digər əməliyyatlardan topladığı komissiya gəlirlərinin qarşılığında əhəmiyyətli xərcləri də mövcuddur. Ümumilikdə bankların qeyri-faiz xərcləri 2,1531 milyard manata çatıb.

Bu səbəbdən 303,4 milyon manatlıq komisyon gəliri “303,4 milyon manat əlavə mənfəət” kimi təqdim etmək düzgün olmaz.

2026-cı ilin ilk 8 ayında bank sektorunun əməliyyat mənfəəti 1,4877 milyard manat olub.

Bankların “pul qazanmaq” modeli necə dəyişir?

Rəqəmlər bankların artıq yalnız “depozit cəlb et – kredit ver – faiz qazan” modelində işləmədiyini göstərir. Paralel olaraq 303,4 milyon manat komisyon gəliri, 197,5 milyon manat valyuta əməliyyatlarından xalis gəlir və digər qeyri-faiz gəlirləri bankların gəlir mənbələrini şaxələndirir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)