Biz niyə süni intellekti insan kimi qəbul edirik?
İnsanlar süni intellektlə ünsiyyət zamanı ona insan xüsusiyyətləri aid etməyə, hətta emosional bağlılıq yaratmağa meyillidirlər. Mütəxəssislər bunun gündəlik ünsiyyətə və insan münasibətlərinə mümkün təsirləri barədə xəbərdarlıq edirlər.
ENA.az xəbər verir ki, “TechCrunch” nəşrinin yazısında Massaçusets Texnologiya İnstitutunun (MIT) alimlərinin bu mövzuda araşdırmalarına diqqət çəkilir. Məqalədə istinad edilən araşdırmalardan birinə görə, insanların təxminən 70%-i süni intellektlə danışarkən nəzakətli davranır. Digər araşdırma isə söhbət davam etdikcə istifadəçilərin çatbotlara “zəhmət olmasa” və “təşəkkür edirəm” deməyə daha çox meyilli olduğunu göstərir.
MIT professoru Şerri Törkl bildirir ki, insanlar süni intellektin onlara qayğı göstərdiyi təəssüratına qapıla və qarşılığında ona emosional münasibət bəsləyə bilərlər. MIT Media Lab-ın tədqiqatçısı Pat Pataranutaporn isə əsas sualın süni intellektlə ünsiyyətin doğru və ya yanlış olması deyil, bu ünsiyyətin insan davranışını necə dəyişdirməsi olduğunu vurğulayır.
Ekspertlərin fikrincə, süni intellekt iş müsahibələrinə hazırlaşmaq kimi konkret tapşırıqlarda faydalı ola bilər. Lakin çatbotların real insan münasibətlərini əvəz etməsi, xüsusilə də uşaqların onlara valideyn və ya yaxın insan kimi yanaşması risklər yarada bilər.
Mütəxəssislər süni intellektdən istifadə zamanı onun imkanlarını düzgün qiymətləndirməyin və texnologiya ilə real insan münasibətləri arasındakı sərhədi qorumağın vacibliyini qeyd edirlər.



















