Gündəm

ABŞ və Avropa Ukrayna müharibəsinə son qoymaq üçün dörd maddəlik plan hazırlayır

ABŞ və Avropa ölkələrinin Rusiya-Ukrayna müharibəsinə son qoymaq məqsədilə dörd maddədən ibarət sülh planı üzərində işlədiyi bildirilir.

ENA.az xəbər verir ki, “The Washington Post” qəzetinin yaydığı məlumata görə, təklif Ukraynanın yenidən qurulmasını, Rusiya və Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsini, enerji sahəsində iqtisadi əməkdaşlığı və mövcud cəbhə xətti boyunca atəşkəsin təmin edilməsini əhatə edir.

Planın ilk istiqaməti müharibədən sonra Ukraynanın bərpasıdır. Bu məqsədlə danışıqlar aparan tərəflərin Kiyevdən bərpa işlərinin dəyəri ilə bağlı ətraflı hesablamalar istədiyi bildirilir. İkinci istiqamət hər iki ölkəyə təhlükəsizlik zəmanətlərinin verilməsini nəzərdə tutur.

Üçüncü istiqamət Rusiya, Ukrayna və Avropa arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsidir. Təkliflər arasında Rusiya nefti və təbii qazını Avropaya çatdıracaq boru kəmərinin yaradılması, əldə olunan gəlirin isə Rusiya ilə Ukrayna arasında bölüşdürülməsi variantı da var. Sənəddə Rusiyanın Avropa enerji bazarına uzunmüddətli çıxışının bərpası və iqtisadi sanksiyaların ləğvi şərtlərinin müəyyənləşdirilməsi də nəzərdən keçirilir.

Dördüncü istiqamət hazırkı cəbhə xətti boyunca atəşkəsin elan edilməsidir. Məlumata görə, təşəbbüs ABŞ, Avropa və Ukrayna nümayəndələrinin Floridada keçirdiyi görüşdə müzakirə olunub.

Kremlin sözçüsü Dmitri Peskov isə mətbuatda yayılan məlumatlardan xəbərdar olduqlarını, lakin planın məzmunu barədə məlumatlarının olmadığını bildirib. Təklifin yekun razılaşma deyil, hazırlıq mərhələsində olan təşəbbüs olduğu vurğulanır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)