Tankerlərə hücum təhlükəsi neft bazarında qiymətləri yüksəldib (21.10.2026)
Dünya bazarlarında neftin qiyməti Yaxın Şərqdə tədarükün pozulması risklərinin artması fonunda yüksəlib.
ENA.az xəbər verir ki, oktyabrın 21-də “Brent” markalı neftin fyuçersləri 0,78% bahalaşaraq bir barel üçün 109,64 dollara, ABŞ-ın WTI markalı nefti isə eyni artımla 98,58 dollara çatıb.
Qiymət artımına Qırmızı dənizdə gəmiçilik təhlükələrinin güclənməsi və Səudiyyə Ərəbistanının neft infrastrukturuna mümkün hücumlarla bağlı narahatlıqlar təsir edib. İranın İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının cənubunda dəniz minasına toxunan supertankerdə yanğın baş verdiyini bildirib. Gəmi izləmə şirkəti “Kpler”in məlumatına görə, iki həftə ərzində ən azı 18 gəmiyə hücum barədə məlumat yayılıb.
Bundan əvvəl diplomatik təmaslar fonunda neft ucuzlaşmışdı. “Brent” nefti çərşənbə axşamı 0,69% azalaraq 108,79 dollardan bağlansa da, sessiya ərzində 111,99 dollarla son beş ayın ən yüksək səviyyəsinə çatmışdı.
ABŞ Energetika Nazirliyinin rəsmiləri isə dizel çatışmazlığının qiymətləri artırması səbəbindən qlobal miqyasda yanacaq istehsalının artırılması üçün neft emalı müəssisələri ilə işlədiklərini açıqlayıblar.

















