Elm və Texnologiya

Süni intellekt çiplərinə tələbat Cənubi Koreyanın iqtisadi artımını üç dəfədən çox sürətləndirdi

Cənubi Koreya iqtisadiyyatı 2026-cı ilin üçüncü rübündə gözləniləndən daha sürətli böyüyüb. Buna yarımkeçiricilərə, xüsusilə süni intellekt texnologiyalarında istifadə olunan çiplərə yüksək tələbat təkan verib. Bununla belə, analitiklər xəbərdarlıq edirlər ki, ölkə iqtisadiyyatının çip sənayesindən güclü asılılığı qlobal süni intellekt investisiyalarının azalması halında risk yarada bilər.

Cənubi Koreya Mərkəzi Bankının (BOK) çərşənbə axşamı açıqladığı ilkin məlumatlara görə, ölkənin ümumi daxili məhsulu (ÜDM) iyul–sentyabr aylarında əvvəlki rüblə müqayisədə 1% artıb. Bu göstərici Mərkəzi Bankın avqustda proqnozlaşdırdığı 0,3%-lik artımdan xeyli yüksəkdir.

İqtisadi artım əsasən yarımkeçiricilərin ixracı hesabına sürətlənib. Mərkəzi Bankın məlumatına görə, ixrac 2,3% artıb. Bu artımda yarımkeçiricilər, maşınqayırma məhsulları və elektrik avadanlıqları mühüm rol oynayıb.

Yarımkeçiricilərin istehsalında istifadə olunan avadanlıqlara investisiyaların artması nəticəsində müəssisələrə yatırılan investisiyalar da 4,1% yüksəlib.

Bloomberg Economics-in nümayəndəsi Kvon Hyo-sonqun sözlərinə görə, yeni göstəricilər Mərkəzi Bankın çiplərə yüksək tələbatın ixracı və investisiyaları güclü saxladığına dair müsbət qiymətləndirməsini təsdiqləyir.

Hökumətin məlumatlarına əsasən, Cənubi Koreyanın yarımkeçirici ixracı üçüncü rübdə illik müqayisədə 218,7% artaraq 148 milyard dollara çatıb.

İllik müqayisədə ölkə iqtisadiyyatı 3,4% böyüyüb. Halbuki əvvəlki rübdə bu göstərici 3,7% təşkil etmişdi.

Alıcılıq qabiliyyətindəki dəyişiklikləri əks etdirən real ümumi daxili gəlir (GDI) isə illik müqayisədə 18,8% artıb. Bu, təxminən 49 ilə yaxın müddətdə qeydə alınan ən sürətli artımdır. Buna yarımkeçiricilərin qiymətlərinin yüksəlməsi də dəstək verib.

Cənubi Koreya iqtisadiyyatı ilin birinci rübündə də yarımkeçiricilərə yüksək tələbat fonunda son beş ildən artıq müddətin ən sürətli artımını göstərmişdi. Həmin dövrdə ÜDM əvvəlki rüblə müqayisədə 1,7% artmışdı.

Artım çip sənayesindən həddindən artıq asılıdır

Bununla belə, analitiklər Cənubi Koreyanın iqtisadi artımının əsasən yarımkeçirici sənayesində cəmləşməsindən narahatdırlar.

Moody’s Analytics-in baş iqtisadçısı Con Bromhed bildirib ki, iqtisadi artımın çip sektorundan yüksək asılılığı ölkəni qlobal süni intellekt investisiyalarının zəifləməsi qarşısında həssas edir.

Yarımkeçiricilərə tələbatın yüksəlməsi ölkənin tədiyə balansının cari əməliyyatlar hesabında profisitin rekord həddə çatmasına da kömək edib. Cənubi Koreya ikinci rübdə cari əməliyyatlar hesabı üzrə 116,6 milyard dollar profisit qeydə alıb.

Lakin iqtisadiyyatın bir sektordan bu dərəcədə asılı olması riskləri də artırır. Qlobal süni intellekt investisiyalarının azalması çiplərə tələbatı zəiflədə, ixrac gəlirlərinə və investisiya aktivliyinə mənfi təsir göstərə bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)