Sumqayıt Sənaye Parkında yeni layihə 6 mindən çox iş yerinə əlavə töhfə verəcək

Sumqayıt Sənaye Parkında daha bir müəssisənin karton və kağız tullantılarının təkrar emalından kağız istehsal etməsi nəzərdə tutulur.
Bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.
Məlumata əsasən, "Sumqayıt kağız emalı zavodu" MMC-yə Agentliyin idarəçiliyində olan Parkın rezidenti statusu verilib.
İnvestisiya dəyəri 60 milyon manatdan çox olan layihə çərçivəsində illik istehsal gücü 90 min ton olacaq karton və kağız tullantılarının təkrar emalı müəssisəsi yaradılacaq.
Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Sənaye Parkında hazırda 46 rezident qeydiyyatdan keçib. İndiyə qədər rezidentlər Parka 5,6 milyard manatdan çox investisiya yatırıb, 6400-dən çox iş yeri yaradıb.











