LCR tələbi bankları REPO bazarına yönəltdi. "PAŞA Kapital"da əməliyyatlar 37% artıb - MÜSAHİBƏ
PAŞA Kapital şirkətinin dünən keçirdiyi mətbuat konfransında xeyli maraqlı məlumatlar üzə çıxdı. Məsələn, 2025-ci ildə Bakı Fond Birjası üzərindən ümumi borclanma – REPO əməliyyatlarının həcmi azalsa da, PAŞA Kapital üzərindən 37% artıb. Eyni zamanda, şirkətin xarici əməliyyatlar portfeli də yüksəlib, bu o deməkdir ki, ölkə vətəndaşları xarici qiymətli kağızlara və token kimi bazar alətlərinə daha çox pul qoymağa başlayıblar. ENA.az olaraq bu istiqamətdə verdiyimiz suallarla bağlı “PAŞA Kapital”ın Baş İcraçı direktoru İsi Mustafayevin açıqlamalarını təqdim edirik:
- İsi müəllim, şirkətin hesabatına görə REPO əməliyyatlarının həcmi 37% artıb. Borclanmanın əsas oyunçuları kimlərdir və strukturu necədir?
- Bakı Fond Birjasında REPO əməliyyatlarının həcmi azalıb və bunun səbəbi Maliyyə Nazirliyi tərəfindən dövlət qiymətli kağızlarının buraxılmasındakı müəyyən fasilədir. Ötən il sentyabr ayından başlayaq dövlət qiymətli kağızları yenidən buraxıldı və bugün biz REPO-nun əməliyyat strukturunda tam böyük hissəsinin dövlət qiymətli kağızlarının payına düşdüyünü görürük. Ancaq "PAŞA Kapital"ın REPO əməliyyatlarının artmasının əsas səbəbi ondan ibarətdir ki, 2025-ci ildən başlayaraq Bank sistemində sistem əmələgətirici banklar üçün LCR normativi tətbiq olunur. LCR əmsalının artırılması banklarda əlavə likvidliyə tələbat yaradıb (LCR- Likvidliyin Örtülməsi Əmsalı bankın qısamüddətli likvidlik risklərinə qarşı dayanıqlığını ölçən əsas göstəricilərdən biridir. LCR ən azı 100% olmalıdır. Bu o deməkdir ki, bankın əlindəki likvid aktivlər növbəti 30 gündə gözlənilən xalis pul çıxışlarını tam qarşılamalıdır - red). Və bu tələbatı tənzimləmək üçün bankların böyük əksəriyyəti, əsasən də iri banklar REPO əməliyyatlarına üstünlük veriblər. Bu REPO əməliyyatlarının iri banklar tərəfindən istifadə edilməsi bizim böyük paya malik olmağımıza səbəb olub.
- Anderraytinq kimi xidmətlərinizin neçə faizi PAŞA Holding qrupa daxil olan şirkətlərə aiddir?
- 2025-ci ildə 616 milyard manata yaxın anderraytinq əməliyyatlarımız olub. Bunun təxminən 50 faizi və ya 240 milyonu Azərbaycan Dövlət Neft Şirkətinin payına düşür. Yadınızdadırsa, SOCAR-ın dollarda olan istiqrazları tədavülə buraxıldı. Qalan hissədə böyük tərkibi Holdinq şirkətləri tutur. Kapital Bank, PAŞA Bank əsas oyunçulardır. Bunlarla yanaşı, bank olmayan kredit təşkilatları və real sektorda təmsil olunan şirkətlərin də payları vardır. Düzdür, həcm baxımından çox böyük olmasa da, ancaq say baxımından portfelimizin genişləndiyini deyə bilərik.
- Portfel investisiyaların idarəedilməsi üzrə xidmətlərinizin həcmi necədir?
- PAŞA Kapital müştərinin mövcud vəsaitlərinin idarəedilməsində bir vasitəçidir və xarici, eləcə də yerli bazarda bu yerləşdirməni həyata keçirir. Özümüzün də hər hansı sərbəst vəsaitlərimiz formalaşır və onu investisiya edirik. Yerli bazarda yerləşdirmədə əsas istiqamət dövlət qiymətli kağızlardır. Bugün Azərbaycanda investorlar üçün dövlət qiymətli kağızlarına bərabər digər kağızlar yoxdur. Xarici investisiyalarla əlaqədar alətlər arasında səhmlər, ABŞ xəzinədarlıq kağızları, valyutalar və digər qiymətli kağızlar var. Xarici bazarda xüsusən də alət çeşidi kifayət qədər böyükdür. Burada ya müştəri özü sifariş verir, ya da şirkətimiz təkliflərlə çıxış edir.
- Xarici əməliyyatlar portfelinin həcmini açıqlaya bilərsinizmi?
- Xarici bazarlarda saxlanılan aktivlərin ümumi həcmi 2024-cü ildəki 673 milyon manatdan 2025-ci ildə 893 milyon manata yüksələrək 33 faiz artıb. İnkişaf etmiş ölkələrdə kapital bazarlarları ortalama ÜDM-nin 20-25 faizini təşkil edir. Bu baxımdan bizim kapital bazarlarının 10 dəfə artması üçün potensialı var.

















