Qeyri-Bank

Mərkəzi Bank "Sandbox" rejimində 35-dən çox müraciət qəbul edib

İnnovativ maliyyə məhsul və xidmətlərinin Azərbaycan Mərkəzi Bankının (AMB) nəzarəti altında məhdud şəkildə sınaqdan keçirilməsini təmin edən xüsusi tənzimləmə rejimi ("Sandbox") çərçivəsində indiyə qədər quruma 35-dən çox müraciət daxil olub.

Bunu AMB-nin Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi Bakıda keçirilən "Azərbaycanın rəqəmsal maliyyə gündəliyi" mövzusunda tədbirdə bildirib.

"Bu, 35 yeni məhsul və ya ideya deməkdir. Əlbəttə, onların hamısı qəbul edilməyib, lakin bu göstəricini kifayət qədər müsbət hesab edirik. Hazırda növbəti mərhələ üzərində düşünürük. Məqsəd müraciətlərin yalnız müəyyən dövrlərlə məhdudlaşdırılmaması, daim açıq modelə keçilməsidir. Beləliklə, istənilən maraqlı konsept və ya innovativ ideya istənilən vaxt Mərkəzi Banka təqdim oluna və bizim tərəfdən qiymətləndirilə bilər", - deyə o qeyd edib.

F. Tofidi əlavə edib ki, "Sandbox" sınaq mühitidir və innovativ ekosistemin inkişafı üçün atılan ən mühüm addımlardan biridir: "Təsəvvür edin ki, indiyədək yeni maliyyə xidmətləri və ya məhsulları yarananda onların geniş auditoriyaya təqdim olunması qarşısında müxtəlif məhdudiyyətlər mövcud idi. Bu məhdudiyyətlər bəzən normativ-hüquqi bazanın olmaması, bəzən isə digər maneələrlə bağlı olurdu. Nəticədə, təşkilatlar həmin məhsul və xidmətlərin tətbiqində müəyyən çətinliklərlə üzləşirdilər".

O vurğulayıb ki, AMB yeni məhsul və ya xidmət üçün müvəqqəti icazə verir, xüsusi sınaq mühiti yaradır və onu test edir: "Əgər xidmət uğurlu nəticə göstərərsə, sonradan onun geniş istifadəsinə şərait yaradılır. Bunun nəticəsində qanunvericilikdə dəyişikliklər edilə və yaxud tamamilə yeni qayda və qanunlar qəbul oluna bilər. Düşünürəm ki, bu mexanizm innovasiya ekosisteminin inkişafı üçün ən mühüm addımlardan biridir".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)