Sığorta

İcbari Sığorta Bürosu xidmətlərini "ASAN xidmət" üzərindən təqdim edəcək

İcbari Sığorta Bürosu (İSB) vətəndaş məmnuniyyətinin yüksəldilməsi, xidmətlərin əlçatanlığının və şəffaflığın daha da artırılması istiqamətində fəaliyyətini genişləndirərək yeni təşəbbüsə imza atıb. Müraciətlərin daha operativ və rahat şəkildə qəbul edilməsi məqsədilə xidmətlərin "ASAN xidmət" mərkəzlərində təşkilinə başlanılır.

Bu məqsədlə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2 saylı Bakı "ASAN xidmət" mərkəzində İcbari Sığorta Bürosunun xidmət pəncərəsi yaradılıb.

İyulun 6-dan etibarən İcbari Sığorta Bürosuna vətəndaş müraciətləri yalnız 2 saylı Bakı "ASAN xidmət" mərkəzində (Bakı şəhəri, 8 Noyabr prospekti 23, AMAY Ticarət Mərkəzinin 2-ci mərtəbəsi) fəaliyyət göstərən xidmət pəncərəsi vasitəsilə qəbul ediləcək.

İSB vətəndaşların işini asanlaşdırmaq məqsədilə elektron xidmətlərin tətbiqinə xüsusi önəm verir və bu istiqamətdə son dövrlərdə bir sıra rəqəmsal yeniliklər istifadəyə verilib. Vətəndaşlar İSB-nin rəsmi internet səhifəsinin (www.isb.az) "Şəxsi kabinet" və "Elektron xidmətlər" bölmələri vasitəsilə bir sıra xidmətlərdən onlayn şəkildə faydalana bilərlər.

Eyni zamanda, www.isb.az portalında "İcbari sığorta müqavilələrinin yoxlanılması" bölməsi vasitəsilə sığorta müqavilələrinin qüvvədə olub-olmadığını yoxlamaq mümkündür.

İSB vətəndaşlara daha rahat və innovativ xidmətlərin təqdim edilməsi, yeni rəqəmsal həllərin tətbiqi istiqamətində tədbirləri bundan sonra da davam etdirəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)