Çinli çip istehsalçısının səhmləri ilk gündə 535% bahalaşdı
Çinin aparıcı yaddaş çipi istehsalçılarından olan ChangXin Memory Technologies (CXMT) birjada debüt etdiyi ilk ticarət günündə səhmlərinin qiymətinin 535% artması ilə diqqət çəkib.
ENA.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Məlumata görə, süni intellekt sektoruna yönəlmiş investisiyalara artan maraq fonunda şirkətin səhmlərinə yüksək tələbat yaranıb. Nəticədə CXMT-nin səhmləri Şanxay birjasında ticarətin ilk günündə 55,03 yuan səviyyəsinə qədər yüksələrək şirkətin bazar dəyərini təxminən 3,7 trilyon yuana (təxminən 547 milyard ABŞ dolları) çatdırıb.
Bu yüksəliş şirkətin Çin tarixinin ən böyük ikinci ilkin kütləvi səhm təklifində (IPO) 66,6 milyard yuan vəsait cəlb etməsindən sonra baş verib.
CXMT Çinin aparıcı DRAM (dinamik operativ yaddaş) çipi istehsalçısı hesab olunur və smartfonlardan tutmuş süni intellekt serverlərinədək geniş istifadə olunan yaddaş çiplərinin istehsalında ölkənin xarici şirkətlərdən asılılığını azaltmaq məqsədi daşıyır. Hazırda şirkət qlobal DRAM bazarında dördüncü ən böyük istehsalçı kimi qiymətləndirilir.
Beijing Xinhan Capital investisiya şirkətinin baş direktoru Ao Fey bildirib ki, səhmlərin ilk gündəki kəskin bahalaşması bazarın gözləntilərinə uyğun olsa da, sonrakı sürətli yüksəliş diqqətçəkicidir. Onun sözlərinə görə, Çin fond bazarında yalnız yaddaş çipləri texnologiyasına fokuslanan şirkətlərin az olması ilk ticarət günlərində spekulyativ alışları gücləndirə bilər.

















