Bank

Azərbaycanın 3 bankına kapital tələbi ilə "Fitch”dən dividend mesajı

Azərbaycanın bank sektorunda Bazel III standartlarının tətbiqi kredit təşkilatlarının itkiləri udmaq qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirəcək və iqtisadi dövr ərzində onların dayanıqlığını artıracaq.

"Fitch Ratings"  hesab edir ki, Azərbaycanda Bazel III konsepsiyasının tətbiqi inkişaf mərhələsindədir.

2025-ci ilin dekabrında Azərbaycan Mərkəzi Bankının (AMB) 2024–2026-cı illər üçün Maliyyə sektorunun inkişaf Strategiyası çərçivəsində qəbul etdiyi düzəlişlər 2027-ci ilin yanvarından etibarən yeni tələblərə tam keçidi nəzərdə tutur.

Tənzimləmə islahatı çərçivəsində birinci dərəcəli əsas kapitalın (CET1) minimum adekvatlıq normativi risk nəzərə alınmaqla ölçülmüş aktivlərin (RWA) 4,5 %-i səviyyəsində müəyyən edilib. Birinci dərəcəli kapitalın minimum adekvatlıq normativi 5 %-dən 6 %-ə qaldırılıb, məcmu kapitalın adekvatlıq normativi isə 10 %-dən 8 %-ə endirilib.

Bundan başqa, AMB 2025-ci ilin mart ayından qüvvədə olan 0,5 % səviyyəsində kontrtsiklik buferə əlavə olaraq, 2,5 % səviyyəsində kapitalın konservasiya buferini tətbiq edib. Bu əlavələr nəzərə alınmaqla effektiv minimum tələblər CET1 üçün 7,5 %, birinci dərəcəli kapital üçün 9 %, məcmu kapital üçün 11 % təşkil edir.

Tənzimləyici sistem əhəmiyyətli banklar (D-SIB) üçün hər bir bankın miqyasından asılı olaraq 1-4 % diapazonunda diferensiallaşdırılmış əlavə bufer tətbiq edir. Bu mexanizm birinci dərəcəli kapital üçün 1 % və məcmu kapital üçün 2 % olan əvvəlki sabit əlavələri əvəzləyərək tələbləri daha da fərdiləşdirəcək", - "Fitch" qeyd edir.

Düzəlişlər həmçinin CET1 əmsalı 5,125 % olan trigger dəyərindən aşağı düşdükdə kapitalın silinməsini və ya konvertasiyasını nəzərdə tutan əlavə birinci dərəcəli kapital (AT1) alətlərini rəsmiləşdirir. Lakin AT1 yerli bazarının hələ formalaşmaqda olduğunu nəzərə alaraq, ortamüddətli perspektivdə kapitalın əsas artım mənbələri bölüşdürülməmiş mənfəət və adi səhm kapitalı olaraq qalacaq.

"Fitch" 2026-cı ilin birinci yarısının yekunları üzrə kapital ehtiyatlarını nəzərə alaraq agentliyin reytinqlərinə malik olan ABB, "Express Bank" və "AFB Bank" ASC-lər daxil olmaqla əksər banklar üçün əhəmiyyətli tənzimləmə risklərinin yaranacağını gözləmir.

Bununla yanaşı, "Fitch"in qiymətləndirmələrinə görə, üç sistem əhəmiyyətli bank – "Kapital Bank", "Bank Respublika" və "Unibank" ASC-lər 2026-cı ilin iyun ayının sonuna buferlər nəzərə alınmaqla birinci dərəcəli kapital tələbləri üzrə kiçik ehtiyata malik olub. Bank sektoru aktivlərinin təxminən 22 %-i "Kapital Bank"ın, 4 %-i "Bank Respublika"nın, 4 %-i isə "Unibank"ın payına düşür.

"Fitch" gözləyir ki, 2026-cı ilin ikinci yarısında bu banklar aktivlərin nəzarət edilən artımına keçid edəcək və 2027-ci ilin yanvar ayına qədər AMB-nin tələblərinin yerinə yetirilməsini təmin etmək üçün zərurət yarandıqda dividend ödənişlərini məhdudlaşdıracaq.

Agentlik tənzimləyici dəyişiklikləri kredit reytinqləri üçün müsbət amil kimi qiymətləndirir. Xüsusilə bu amil Azərbaycanın bank sektoru üçün əməliyyat mühitin qiymətləndirilməsində reytinqin "bb-" səviyyəsindən "bb" səviyyəsinə yüksəldilməsi zamanı nəzərə alınıb.

Ortamüddətli perspektivdə hökumət əlavə likvidlik tələbləri tətbiq etməyi, Bazel II komponenti (Pillar 2) prosedurlarını təkmilləşdirməyi, həmçinin MHBS 9 standartına keçməyi planlaşdırır. "Fitch"in qiymətləndirmələrinə görə, bu tədbirlər maliyyə hesabatlılığının şəffaflığını artırmalı və anderraytinq intizamını gücləndirməlidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)