Sağlamlıq

Ağrıya diqqət yetirmək bədənin immun reaksiyasını dəyişə bilər – ARAŞDIRMA

İnsanın diqqətini ağrıya yönəltməsi adətən həmin ağrının daha güclü hiss edilməsinə səbəb olur. Əksinə, diqqəti başqa fəaliyyətə yönəltmək – məsələn, söhbət etmək, hansısa işlə məşğul olmaq və ya video izləmək – ağrı hissini azalda bilər.

Lakin yeni araşdırma diqqətin insan orqanizminə təsirinin yalnız ağrının necə hiss olunması ilə məhdudlaşmadığını göstərir. Tədqiqatçılar müəyyən ediblər ki, insanın diqqətini bədənində ağrı və ya iltihab yaranmış nahiyəyə yönəltməsi həmin bölgədəki fiziki immun reaksiyaya da təsir göstərə bilər.

Diqqət immun sisteminə necə təsir edir?

Araşdırma İsrailin Bar-İlan Universitetinin Azrieli Tibb Fakültəsində doktor Liron Rozenkrantz və onun komandası tərəfindən aparılıb. Tədqiqat çərçivəsində iştirakçıların qoluna histamin tətbiq edilərək kiçik və müvəqqəti iltihabi reaksiya yaradılıb. Daha sonra iştirakçılardan iki fərqli yanaşmadan birini tətbiq etmək istənilib: ya yaranmış hisslərə və bədənin həmin nahiyəsinə diqqət yetirmək, ya da video və müxtəlif tapşırıqlarla diqqətlərini yayındırmaq. Tədqiqatçılar növbəti 20 dəqiqə ərzində iştirakçıların dərisində yaranan şişkinlik və qızartını, həmçinin digər fizioloji reaksiyaları ölçüblər. Nəticə diqqətçəkən olub.

Araşdırmanın nəticələrinə görə, insan diqqətini bədənindəki təsirlənmiş nahiyəyə yönəltdikdə iltihabi reaksiya təxminən 1,5 dəfə daha zəif olub. Daha maraqlısı isə odur ki, iştirakçıların təxminən 90%-də diqqət yayındırıldıqda daha güclü immun reaksiya müşahidə edilib.

Söhbət yalnız ağrının daha az hiss edilməsindən getmir

Araşdırmanı maraqlı edən əsas məqam budur ki, dəyişiklik yalnız insanların ağrını necə qəbul etməsi ilə bağlı olmayıb. Tədqiqatçılar dərinin özündə baş verən iltihabi reaksiyanı ölçüblər və müəyyən ediblər ki, insanın diqqətini hara yönəltməsindən asılı olaraq fiziki iltihab reaksiyasının özü də dəyişib. Tədqiqatın rəhbəri Liron Rozenkrantz bildirib ki, nəticələr insanın bədənində baş verən prosesləri necə hiss etməsinin sadəcə passiv müşahidə olmadığını və fizioloji reaksiyaların tənzimlənməsində müəyyən rol oynaya biləcəyini göstərir.

Beyin və immun sistemi arasında əlaqə

Alimlər bu təsiri izah edə biləcək iki mümkün mexanizm müəyyənləşdiriblər. Birinci ehtimala görə, diqqət beynin iltihab yaranmış nahiyədən gələn hissi siqnalları necə emal etdiyinə təsir edir. İkinci ehtimala görə isə insan diqqətini bədənindəki hisslərə yönəltdikdə parasempatik sinir sisteminin, o cümlədən iltihab proseslərinin tənzimlənməsində rol oynayan vagus sinirinin fəaliyyəti artır. Tədqiqatçılar hesab edirlər ki, hər iki mexanizm müşahidə olunan nəticənin yaranmasında rol oynaya bilər. Bəs bu, iltihabı diqqət vasitəsilə müalicə etmək deməkdirmi? Xeyr.

Tədqiqatın müəllifləri xüsusi olaraq vurğulayırlar ki, araşdırma laboratoriya şəraitində aparılıb və yalnız histamin tətbiqindən sonra dəridə yaranan qısamüddətli iltihabi reaksiyanı əhatə edib. Bu səbəbdən nəticələr diqqəti müəyyən bir nahiyəyə yönəltməyin iltihabı, hər hansı xəstəliyi və ya xroniki sağlamlıq problemini müalicə etdiyini göstərmir.

Bunun real həyat şəraitində və daha uzun müddət ərzində də eyni nəticələrə gətirib-gətirmədiyini müəyyən etmək üçün əlavə araşdırmalara ehtiyac var. Bununla belə, araşdırma beyin və bədən arasındakı əlaqəyə dair artan elmi sübutlara yeni bir istiqamət əlavə edir. Nəticələr göstərir ki, diqqətimizi nəyə yönəltdiyimiz yalnız həmin vəziyyəti necə hiss etdiyimizi deyil, orqanizmdə ölçülə bilən bəzi bioloji prosesləri də dəyişə bilər.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)