BMW rəhbər vəzifələrin 20%-ni ixtisar edəcək
Almaniyanın avtomobil istehsalçısı BMW xərcləri azaltmaq və gəlirliliyi artırmaq məqsədilə 2027-ci ilin ortasına qədər rəhbər vəzifələrin təxminən 20%-ni ixtisar etməyi planlaşdırır.
ENA.az xəbər verir ki, şirkət bu prosesdə süni intellektdən də istifadə edəcək. BMW-nin açıqladığı plana əsasən, bəzi bölmələr və onlarla əlaqəli rəhbər vəzifələrin sayı azaldılacaq. İxtisarların əksəriyyətinin Münhendə həyata keçirilməsi gözlənilir.
Şirkətin məlumatına görə, BMW-də idarə heyətinin birbaşa tabeliyində təxminən 65 yüksək səviyyəli rəhbər, onların altında isə 400-ə yaxın rəhbər vəzifə mövcuddur. Bu struktur əsasında təxminən 100 vəzifənin ləğv edilə biləcəyi bildirilir.
BMW bu addımı avtomobil bazarında, xüsusilə Çində zəif tələbat və artan rəqabət fonunda həyata keçirir. Şirkət daha əvvəl Almaniyada təxminən 8 min iş yerinin ixtisarını nəzərdə tutan proqram üzrə razılığa gəlib.
















