AMB: Sığorta şirkətləri 3 aylıq likvidlik şoklarına qarşı dayanıqlıdır
Azərbaycanda sığorta sektorunun likvidliyi komfort zonadadır.
ENA.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.
Sənədə əsasən, "ILR" əmsalı sığortaçıların malik olduğu yüksək likvidli aktivlərin 3 aylıq müddət ərzində sığorta öhdəlikləri üzrə gözlənilən xalis nağd ödənişlərin icra edilməsi üçün kifayət edib-etmədiyini qiymətləndirir.
Bu ilin I yarısında sektorunun yüksək likvidli aktivləri 1,2 milyard manat, gözlənilən nağd ödənişləri 793 milyon manat, gözlənilən nağd daxilolmalar 301 milyon manat, sektorun likvidlik əmsalı (ILR) isə 237 % qiymətləndirilib. Dövr ərzində sektorun yüksək likvidliklik aktivlərində azalma, eyni zamanda xalis nağd ödənişlərində olan artım ILR göstəricində azalmanı şərtləndirib. Həyat sığorta sektoru üzrə likvidlik əmsalı (ILR) 206 %, qeyri-həyat sektoru üzrə isə 315 % qiymətləndirilib. Beləliklə, yüksək keyfiyyətli likvid aktivlərin adekvat səviyyədə saxlanılmasının təmin olunması sığortaçıların qısamüddətli (3 aylıq) likvidlik şoklarına qarşı dayanıqlığını artırır.



















