"Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Noyabrın 23-də, saat 12:00-da "Azər-Türk Bank" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
ENA.az xəbər verir ki, yığıncaq Bankın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 85 ünvanında olacaq.
Yığıncağın gündəliyinə "Azər-Türk Bank"ın Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi daxildir.
Xatırladaq ki, bu il sentyabrın 25-26-da Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçirilmiş II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) çərçivəsində Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondunun "Azər-Türk Bank"ın səhmlərini alması ilə bağlı saziş imzalanıb. Fond Bankın yeni səhmlərini əldə edəcək.
Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 100,5 milyon manatdır. Bankın səhmlərinin 51 %-i Dövlət Neft Şirkətinə (SOCAR), 24%-i Azərbaycan hökuməti adından çıxış edən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 12,37%-i Türkiyənin "Zıraat Bank"ına, 1,08%-i "Zıraat Bank İnternational"a, 6,55%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.



















