Maskın 40 milyard dollarlıq SpaceX borclanması mübahisə yaradıb
“SpaceX” şirkətinin süni intellekt çiplərinin alınması üçün 40 milyard dollarlıq borc maliyyələşməsi əldə etməsi ilə bağlı açıqlama maliyyə bazarlarında müzakirələrə səbəb olub. Şirkətin rəhbəri İlon Mask razılaşmanın tamamlandığını bildirsə də, mənbələr maliyyələşmənin şərtləri üzrə danışıqların davam etdiyini deyirlər.
ENA.az xəbər verir ki, “Bloomberg HT”nin məlumatına görə, vəsait əsasən “Nvidia” şirkətinin qrafik prosessorlarının alınmasına yönəldiləcək. Mask sosial şəbəkədəki paylaşımında çiplərin 2027-ci ilin ilk yarısında təhvil veriləcəyini və borclanmanın cari rüb üçün ciddi təsir yaratmayacağını bildirib.
Məlumata əsasən, “Goldman Sachs”ın rəhbərlik etdiyi banklar “Apollo Global Management” və digər investorlarla borcun şirkətin balansından kənarda saxlanılmasına imkan verən maliyyələşmə strukturu üzərində işləyirlər. “PIMCO” investisiyada iştirak imkanını da nəzərdən keçirir.
Bununla belə, süni intellekt sektorunda borclanma xərclərinin artması razılaşmanın şərtlərinin razılaşdırılmasını çətinləşdirib. “SpaceX”in kredit riskini sığortalamaq üçün istifadə olunan kredit defolt svopları üzrə göstərici cümə günü rekord səviyyəyə — 266 baza bəndinə yüksəlib.
Mask süni intellekt məlumat mərkəzlərindən əldə olunan gəlirlərdən asılı olan “neocloud” şirkətlərinin maliyyələşməyə çıxışının ciddi şəkildə məhdudlaşdığını bildirib. O, sektorda iflasların və şirkətlərin birləşmələrinin artacağını proqnozlaşdırıb.
Digər tərəfdən, “SpaceX”in süni intellekt bölməsi üçüncü rübdə ilk dəfə mənfəət əldə edib. Şirkət Memfis şəhərindəki məlumat mərkəzlərinin hesablama gücünü xarici müştərilərə satmaqla gəlirlərini artırır.



















