Əsas məzmuna keç
Bakı +11°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Birja

ABŞ-da neft ehtiyatlarının artması dünya bazarında qiymətləri aşağı salıb (18.11.2026)

ABŞ-da neft ehtiyatlarının artması dünya bazarında qiymətləri aşağı salıb (18.11.2026)

Dünya bazarlarında neft qiymətləri ABŞ-da xam neft və yanacaq ehtiyatlarının artması fonunda ucuzlaşıb. Bununla belə, ABŞ-İran qarşıdurması və Hörmüz boğazında gəmiçiliklə bağlı risklər qiymətlərin daha kəskin enməsinin qarşısını alıb.

ENA.az Reuters-ə istinadən xəbər verir ki, noyabrın 18-də Bakı vaxtı ilə səhər saatlarında “Brent” markalı neftin fyuçersləri 0,17% ucuzlaşaraq bir barel üçün 92,98 dollara, ABŞ-ın WTI markalı neftinin fyuçersləri isə 0,65% azalaraq 85,45 dollara düşüb.

Amerika Neft İnstitutunun (API) məlumatlarına əsaslanan hesablamalara görə, noyabrın 13-də başa çatan həftə ərzində ABŞ-ın xam neft ehtiyatları 5,28 milyon barel artıb. Benzin ehtiyatları 5,12 milyon barel, distillə edilmiş neft məhsullarının ehtiyatları isə 351 min barel yüksəlib.

Ehtiyatların artması bazarda təklifin genişlənməsi ilə bağlı gözləntiləri gücləndirərək qiymətlərə təzyiq göstərib.

Digər tərəfdən, ABŞ və İran arasında hərbi qarşıdurmanın davam etməsi, eləcə də Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi ilə bağlı narahatlıqlar neft tədarükünə dair riskləri artırır.

Bəhreynin müdafiə qüvvələri İranın hava hücumlarının qarşısının alındığını açıqlayıb. Bundan əvvəl İranın pilotsuz uçuş aparatları Bəhreyndəki ABŞ hərbi radar sisteminə hücum edib, ABŞ isə İranın Qeşm adasındakı raket buraxılış məntəqəsinə zərbələr endirib.

Bundan başqa, Oman sahilləri yaxınlığında Hörmüz boğazından keçən mayeləşdirilmiş neft qazı (LPG) tankerinə mərmi düşüb və gəminin heyəti təxliyə olunub. Yəməndəki husilər isə Səudiyyə Ərəbistanının neft nəqli üçün istifadə etdiyi Şərq-Qərb boru kəmərinin nasos stansiyalarına pilotsuz uçuş aparatları ilə hücum etdiklərini bildiriblər.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə