Əsas məzmuna keç
Bakı +16°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Hi-Tech

İspaniya TikTok-dan ölkədə fəaliyyətini dayandırmağı tələb edib

İspaniya TikTok-dan ölkədə fəaliyyətini dayandırmağı tələb edib

İspaniya hökuməti uşaqlara qarşı cinsi istismar məzmununun platformadan silinməsinə qədər TikTok-un ölkədəki fəaliyyətinin müvəqqəti dayandırılmasını tələb edib.

ENA.az Bloomberg xəbər verir ki, bu tələb İspaniyanın qeyri-kommersiya fakt-yoxlama təşkilatı Maldita.es-in araşdırmasından sonra irəli sürülüb. Araşdırmada TikTok-da uşaqlara qarşı cinsi istismarı əks etdirən 1 183 paylaşım aşkarlanıb. Həmin materialların ümumilikdə 48 milyon dəfə izlənildiyi, 26 mindən çox profilin isə bu məzmunlara şərh yazdığı və ya onları paylaşdığı bildirilib.

İspaniyanın Gənclər və Uşaqlıq naziri Sira Reqo platformanın fəaliyyətinin dayandırılması üçün ölkənin Məlumatların Mühafizəsi Agentliyinə müraciət edib, həmçinin prokurorluğu məsələyə müdaxilə etməyə çağırıb. Nazir bildirib ki, sosial media qanunsuz fəaliyyət üçün məkana çevrilməməlidir.

Maldita.es-in məlumatına görə, təşkilat araşdırma zamanı müəyyən etdiyi 50 videonu TikTok-a şikayət edib. Platforma onlardan yalnız beşini silib, 13-nü isə İspaniyada bloklayıb. Təşkilatın sonrakı məlumatına əsasən, TikTok İspaniyadakı istifadəçilər üçün qanunsuz məzmuna çıxış yaradan iki axtarış ifadəsini məhdudlaşdırsa da, həmin məzmunlara digər Avropa ölkələrindən hələ də çıxış mümkün olub.

İspaniyanın Gənclər Nazirliyinin TikTok-u birbaşa qadağan etmək səlahiyyəti yoxdur. Buna görə də platformanın fəaliyyətinin dayandırılması ilə bağlı qərarı müstəqil qurum olan Məlumatların Mühafizəsi Agentliyi verməlidir. Avropa İttifaqının məlumatların qorunması qaydalarına əsasən, təcili zərurət yarandığı halda müvəqqəti tədbir maksimum üç ay müddətinə tətbiq oluna bilər.

TikTok məsələ ilə bağlı Reuters-in şərh sorğusuna dərhal cavab verməyib.

Mənbə: Bloomberg HT, Reuters, Maldita.es

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə