Müdafiə Nazirliyinin 892 nəqliyyat vasitəsi və texnikası hərraca çıxarır

Müdafiə Nazirliyinin balansında olan 892 nəqliyyat vasitəsi və texnika hərrac yolu ilə satışa çıxarılır. Altı lotda birləşdirilən əmlakların ümumi start qiyməti 1 milyon 615 min 800 manatdır.
ENA.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərrac 2026-cı il dekabrın 22-də saat 10:00-da keçiriləcək.
Satış siyahısında minik və yük avtomobilləri, avtobuslar, traktorlar, avtoyükləyicilər, motosikllər, qoşqu və yarımqoşqular yer alır. Nəqliyyat vasitələri arasında “Ural”, “KamAZ”, “ZİL”, “QAZ”, “UAZ” və “MAZ” markaları üstünlük təşkil edir. Həmçinin “BMW 730Li”, “Mercedes-Benz S350”, “Nissan Teana”, “Nissan Navara”, “Mitsubishi L200” və “Great Wall Wingle 5” modelləri də hərraca təqdim olunur.
Birinci lota 147 nəqliyyat vasitəsi və texnika daxildir. Bu lotun start qiyməti 281 min 400 manat müəyyən edilib. İkinci lotda birləşdirilən 146 əmlakın ilkin satış qiyməti 258 min 400 manat, üçüncü lotdakı 156 əmlakın qiyməti isə 293 min 900 manatdır. Hər üç lot ilk dəfə hərraca çıxarılır.
Digər üç lot üçüncü dəfə, 10% endirimlə təkrar satışa təqdim olunur. Bunlardan 151 nəqliyyat vasitəsi və texnikanı əhatə edən dördüncü lotun start qiyməti 309 min 150 manatdır. Beşinci lotda 145 əmlak 253 min 440 manata, altıncı lotda isə 147 əmlak 219 min 510 manata satışa çıxarılır.
Qiymətlər ayrı-ayrı avtomobillərə deyil, hər lota daxil edilmiş əmlakların hamısına birlikdə aiddir. İştirakçılar seçdikləri lotun start qiymətinin 10%-i həcmində beh ödəməlidirlər. Lotlar üzrə beh məbləği 21 min 951–30 min 915 manat arasında dəyişir.
Hərracda iştirak üçün sifarişlər hərracın keçirilməsinə ən gec üç bank günü qalanadək Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20 ünvanında yerləşən Əmlak Xidmətləri Məkanında qəbul olunacaq.
İştirak etmək istəyən şəxslər satışa çıxarılan nəqliyyat vasitələri və texnikalarla əvvəlcədən tanış ola bilərlər.











