Əsas məzmuna keç
Bakı +13°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Hi-Tech

OpenAI şirkətlər üçün ChatGPT-də yeni biznes alətlərini istifadəyə verib

OpenAI şirkətlər üçün ChatGPT-də yeni biznes alətlərini istifadəyə verib

OpenAI şirkətlərin ChatGPT platformasında öz biznes profillərini idarə etməsinə və müştərilərlə süni intellekt vasitəsilə əlaqə qurmasına imkan verən yeni alətləri beta versiyada istifadəyə verib.

ENA.az xəbər verir ki, “Businesses in ChatGPT” adlanan yenilik şirkətlərə platformadakı profillərini təsdiqləmək, məlumatlarını yeniləmək və istifadəçilərin biznesləri ilə qarşılıqlı əlaqəsini izləmək imkanı yaradır.

Yeni sistemin əsas aləti olan “Business Hub” vasitəsilə şirkətlər ChatGPT-dəki biznes profillərini öz adlarına rəsmiləşdirə biləcəklər. Təsdiqlənmiş müəssisələr şirkət haqqında əsas məlumatları yeniləyə, məhsulların qiymət və mövcudluq göstəricilərini əks etdirən məlumat bazalarını əlavə edə biləcəklər.

“Business Hub” şirkətlərə ChatGPT-də neçə dəfə xatırlandıqlarını, profillərinə baxışların və saytlarına keçidlərin sayını ümumiləşdirilmiş formada izləməyə imkan verəcək. Bu məlumatlar istifadəçilərin fərdi söhbətləri açıqlanmadan təqdim olunacaq.

OpenAI həmçinin “Business Agents” adlı yeni aləti istifadəyə verir. Bu funksiya şirkətlərə öz məhsul və xidmətləri barədə sualları cavablandıran süni intellekt agentləri yaratmağa, sınaqdan keçirməyə və istifadəyə verməyə imkan yaradacaq. İstifadəçilər ChatGPT-də şirkətin profilinə daxil olaraq həmin agentlə ayrıca söhbət başlada biləcəklər.

“Business Agents” ilkin mərhələdə ABŞ-da fəaliyyət göstərən və müəyyən tələblərə cavab verən elektron ticarət və onlayn xidmət şirkətləri üçün əlçatan olacaq. Şirkətlər öz agentlərini sponsorlu edə və ChatGPT reklamlarından istifadəçiləri həmin agentlərə yönləndirə biləcəklər. Sponsorlu yerləşdirmələr ayrıca işarələnəcək.

OpenAI vurğulayıb ki, istifadəçilərin ChatGPT-dəki şəxsi söhbətləri və biznes agentləri ilə yazışmaları şirkətlərlə paylaşılmayacaq. Bizneslər yalnız müəyyən həddə çatmış qarşılıqlı əlaqələr üzrə ümumiləşdirilmiş statistik məlumatlar əldə edəcəklər.

Mövcud OpenAI Enterprise müştəriləri və reklamverənlər biznes profillərini təsdiqlətmək üçün şirkətin nümayəndələri ilə əlaqə saxlaya biləcəklər. Shopify platformasında fəaliyyət göstərən satıcılar isə mağazalarını birbaşa “Business Hub” və ya Shopify idarəetmə paneli vasitəsilə qoşa biləcəklər.

OpenAI yeni imkanların gələcəkdə daha çox ölkə və biznes sahəsini əhatə edəcəyini bildirir. Şirkətin məlumatına görə, ChatGPT-dən həftəlik 1,2 milyard insan istifadə edir.

Mənbə: Bloomberg HT, OpenAI

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə