Avtomobil

Lüks avtomobillərə tələbat dəyişir: Azərbaycanda 2 min 588 belə avtomobil var

Bir vaxtlar BMW, Mercedes-Benz, Audi və Porsche almaq sadəcə avtomobil almaq demək deyildi. Bu avtomobillər sahibinin gəlir səviyyəsini, zövqünü, statusunu və müəyyən mənada sosial mövqeyini nümayiş etdirən simvollardan biri idi. Lüks avtomobilin qiymətinin yüksək olmasına baxmayaraq, müştəri bunun qarşılığında yalnız mühərrik və komfort deyil, həm də brend, prestij, fərqlilik və eksklüzivlik əldə edirdi.

Amma dünyada lüks avtomobilə münasibət dəyişir. Ən böyük dəyişiklik isə dünyanın ən böyük avtomobil bazarlarından biri olan Çində baş verir. Burada istehlakçı artıq yalnız “Alman markası”na görə yüksək qiymət ödəməyə hazır deyil. Texnologiya, süni intellekt, avtomobilin proqram təminatı, avtonom idarəetmə, elektrik mühərriki və qiymət-fayda nisbəti getdikcə daha çox əhəmiyyət qazanır. 

Nəticədə BMW, Mercedes-Benz, Audi və Porsche kimi markaların Çin bazarındakı mövqeyi sürətlə zəifləyir.

Lüks avtomobil niyə sevilir?

Lüks avtomobilin cəlbediciliyini yalnız texniki göstəricilərlə izah etmək mümkün deyil. Birincisi, status faktorudur. Lüks avtomobil sahibinə sosial statusunu nümayiş etdirmək imkanı verir. İkincisi, brend etibarına görədir. Mercedes-Benz, BMW və Porsche kimi markalar onilliklər ərzində formalaşmış reputasiyaya malikdir. Üçüncüsü, komfort və fərdiləşdirmədir. Lüks avtomobil alan müştəri avtomobili standart məhsul kimi deyil, öz zövqünə uyğunlaşdırılmış məhsul kimi görmək istəyir. Dördüncüsü isə emosional faktordur. Ferrari, Lamborghini və Bentley kimi markalarda avtomobilin funksionallığından daha çox onun yaratdığı hiss və eksklüzivlik ön plana çıxır.

Məhz buna görə də maraqlı paradoks yaranır: ümumi premium avtomobil bazarında satışlar zəiflədiyi halda, ən yüksək qiymət seqmentində fəaliyyət göstərən bəzi markalar daha dayanıqlı qala bilir.

Ferrari bunun ən yaxşı nümunələrindən biridir. Şirkət 2025-ci ildə cəmi 13 640 avtomobil satıb. Amma məhz məhdud istehsal və eksklüzivlik strategiyası markanın dəyərini qoruyur. Ferrari-nin yanaşması “daha çox avtomobil satmaq”dan çox, “avtomobili daha nadir və daha dəyərli saxlamaq” üzərində qurulub.

Əsas problem Çindədir

Çində isə ənənəvi premium avtomobil istehsalçıları üçün vəziyyət tamamilə fərqlidir. 2025-ci ildə Mercedes-Benz-in Çində satışları təxminən 552 min avtomobilə düşüb və 19% azalıb. BMW 626 min avtomobil sataraq 12,5% geriləyib. Audi-nin Çin satışları 617 min avtomobil təşkil edib və 5,6% azalıb. Porsche-də isə azalma daha sərt olub – şirkət Çində cəmi 41 938 avtomobil satıb və satışlar 26% azalıb. 2026-cı ildə isə vəziyyət daha da kəskinləşib.

Aprel-iyun aylarında Almaniyanın iri avtomobil istehsalçılarının Çində satışları 30–41% arasında azalıb. İlin ilk yarısında Alman markalarının Çin satışları 20%-dən çox geriləyib. Bu, artıq bir neçə modelin uğursuzluğu kimi qiymətləndirilə bilməz.

Çinlilər artıq lüks avtomobili də özləri istehsal edir

Ən mühüm dəyişiklik budur. Əvvəllər Çin avtomobil bazarında yerli istehsalçılar əsasən daha ucuz avtomobillərlə xarici markalara rəqib idilər. İndi isə onlar birbaşa premium və lüks seqmentə daxil olurlar. Çin istehsalçıları xüsusilə elektrik avtomobilləri, batareya texnologiyası, proqram təminatı və sürücüyə yardım sistemlərində sürətlə irəliləyirlər. Üstəlik, onların qiyməti çox vaxt Alman rəqiblərindən aşağıdır.

Beləliklə, çinli istehlakçının qarşısında yeni seçim yaranır: Niyə BMW və ya Mercedes üçün daha çox pul ödəməliyəm, əgər daha ucuz Çin avtomobili mənə daha çox texnologiya və avadanlıq təklif edirsə? Bu sual Alman avtomobil istehsalçıları üçün ciddi problemdir.

2026-cı ildə Çin avtomobil sənayesinin premium seqmentə nə qədər sürətlə daxil olduğu Pekində keçirilən Auto China sərgisində də aydın göründü. Çin istehsalçıları artıq iri ölçülü, yüksək güclü, lüks interyerli və inkişaf etmiş avtonom idarəetmə sistemlərinə malik avtomobilləri BMW, Mercedes və Porsche ilə eyni müştəri qrupuna təqdim edirlər.

Alman avtomobil istehsalçılarının əsas problemi nədir?

Problem yalnız Çin avtomobillərinin ucuz olması deyil. Əsl problem “lüks” anlayışının dəyişməsidir. Əvvəllər lüks avtomobildə mühərrikin gücü, dəri salon, komfort, dizayn və marka əsas üstünlüklər sayılırdı. İndi isə müştəri bunlarla yanaşı soruşur:

  • Avtomobil nə qədər ağıllıdır?
  • Süni intellekt imkanları varmı?
  • Sürücüsüz idarəetmə hansı səviyyədədir?
  • Proqram təminatı nə qədər inkişaf edib?
  • Elektrik məsafəsi nə qədərdir?
  • Avtomobilin ekran və rəqəmsal sistemi necədir?
  • Bu xüsusiyyətlərə görə nə qədər pul ödəyirəm?

Çin şirkətləri məhz bu dəyişiklikdən istifadə edir. Bu səbəbdən Almaniya avtomobil sənayesində artıq struktur dəyişikliklər başlayıb. Məsələn, BMW Çindən gələn rəqabət və şirkətin xərclərinin optimallaşdırılması fonunda Almaniyada 8 minədək iş yerinin ixtisarı planını açıqlayıb.

ABŞ bazarı isə hələlik fərqlidir

ABŞ-da vəziyyət Çin qədər dramatik deyil. Porsche 2025-ci ildə Şimali Amerika bazarında satışlarını əsasən qoruyub və Almaniyanın digər premium markalarından daha yaxşı nəticə göstərib. Şirkətin ABŞ-dakı satışları Çindəki kimi kəskin geriləməyib. Bu, ABŞ və Çin istehlakçısının davranışları arasında fərqi göstərir.

ABŞ-da premium avtomobilə tələbat hələ də güclüdür. Lakin burada da tariflər, faiz dərəcələri və elektrik avtomobilləri ilə bağlı dövlət siyasətində dəyişikliklər istehsalçıların gələcək strategiyasına təsir edir. Başqa sözlə, ABŞ hazırda Alman premium markaları üçün daha dayanıqlı bazardır, Çin isə əsas risk mənbəyinə çevrilib.

Azərbaycanda lüks avtomobilə maraq necədir?

Azərbaycan qlobal lüks avtomobil bazarı ilə müqayisədə kiçik bazardır. Lakin yüksək gəlirli istehlakçıların premium və ultra-lüks avtomobillərə marağı kifayət qədər yüksəkdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı il yanvarın 1-nə Azərbaycanda 1 milyon 676 min 80 minik avtomobili qeydiyyatda olub. Onların arasında nadir və lüks avtomobil markalarının da kifayət qədər ciddi parkı formalaşıb. Belə ki:

  • Rolls-Royce – 85 ədəd
  • Bentley – 392 ədəd
  • Maserati – 223 ədəd
  • Jaguar – 471 ədəd
  • Cadillac – 502 ədəd
  • Hummer – 349 ədəd
  • Lincoln – 292 ədəd
  • Alfa Romeo – 274 ədəd qeydiyyatda olub.

Bu rəqəmlər yeni avtomobil satışlarını deyil, ölkədə qeydiyyatda olan avtomobillərin ümumi sayını göstərir. Azərbaycanda BMW, Mercedes-Benz, Audi və Porsche kimi premium markaların parkı isə bu rəqəmlərdən dəfələrlə böyükdür.

Azərbaycan bazarına Çin dalğası da gəlir

Qlobal tendensiyanın Azərbaycan üçün maraqlı tərəfi budur ki, Çin avtomobil markaları artıq yalnız orta qiymət seqmentinə deyil, premium seqmentə də daxil olur. Bu, Azərbaycanlı istehlakçı üçün seçim imkanlarını genişləndirir. Əvvəllər 100 min dollarlıq avtomobil almaq istəyən şəxs əsasən BMW, Mercedes-Benz, Porsche, Range Rover və ya digər Avropa və Amerika markalarına baxırdı. İndi isə eyni qiymət diapazonunda yüksək texnologiyalı Çin elektrik və hibrid modelləri də alternativə çevrilir. Bu tendensiyanın gələcəkdə Azərbaycan bazarında da güclənməsi mümkündür. Çünki Çin avtomobillərinin əsas üstünlüyü yalnız qiymət deyil – onların texnologiya ilə zəngin komplektasiyasıdır.

Amma Ferrari və Bentley kimi markaların vəziyyəti fərqli ola bilər

Burada lüks avtomobil bazarının iki yerə ayrıldığını görmək mümkündür. Bir tərəfdə premium kütləvi markalar var: BMW, Mercedes-Benz, Audi, Lexus, Volvo, Porsche və s. Digər tərəfdə isə ultra-lüks markalar: Ferrari, Lamborghini, Bentley, Rolls-Royce, Aston Martin və s. Birinci qrupda müştəri “qiymətə qarşılıq nə alıram?” sualını daha çox verir. İkinci qrupda isə əsas sual “bu avtomobil nə qədər eksklüzivdir?” olur. Məhz buna görə Ferrari və Lamborghini kimi istehsalçılar Çin bazarındakı zəifləməyə baxmayaraq müəyyən üstünlüyə malikdirlər.

Lüks avtomobil bazarının gələcəyi necə olacaq?

Görünən odur ki, lüks avtomobil bazarı yox olmur. Əksinə, lüks avtomobilin özü dəyişir. Müştəri artıq yalnız emblemə görə yüksək qiymət ödəmək istəmir. Brendin yanında texnologiya da olmalıdır. Bu isə Alman avtomobil nəhəngləri üçün ciddi çağırışdır. Çin istehsalçıları isə çox sürətlə öyrənir, yeni modelləri daha tez bazara çıxarır və elektrikləşmə prosesindən istifadə edərək ənənəvi premium markaların üstünlüklərinə hücum edir. Buna görə qarşıdakı illərdə əsas rəqabət “BMW vs Mercedes” və ya “Mercedes vs Porsche” arasında deyil.

Əsas rəqabət daha böyük olacaq: “Ənənəvi lüks” ilə “texnoloji lüks” arasında. Və bu mübarizədə Çin artıq sadəcə böyük avtomobil bazarı deyil.Çin özü lüks avtomobil istehsalçısına çevrilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)