Sığorta

AMB sistem əhəmiyyətli sığortaçıların müəyyənləşdirilməsi - QAYDASINI DƏYİŞDİi

Azərbaycan Mərkəzi Bankı ölkənin sığorta bazarında hansı şirkətlərin sistem üçün daha böyük əhəmiyyət daşıdığını müəyyənləşdirmək qaydalarını yeniləyib.

AMB İdarə Heyətinin sədri Taleh Kazımovun imzaladığı qərarla “Sığortaçının sistem əhəmiyyətli sığortaçı kimi qiymətləndirilməsi meyarları”na dəyişiklik edilib. Yeni qaydada sistem əhəmiyyətli sığortaçını müəyyənləşdirən kateqoriyaların sayı 4-dən 3-ə, indikatorların sayı isə 8-dən 6-ya endirilib.

Ən diqqətçəkən dəyişiklik isə şirkətin aktivlərinin həcminə verilən çəkinin artırılmasıdır. Belə ki, bundan sonra sığortaçının sistem əhəmiyyətliliyinin müəyyənləşdirilməsində cəmi aktivlər göstəricisinin çəkisi 20%-dən 30%-ə yüksəldiləcək.

Bu nə deməkdir?

Sadə dillə desək, sığorta şirkətinin nə qədər böyük aktivə sahib olması onun “sistem üçün vacibliyinin” qiymətləndirilməsində əvvəlkindən daha böyük rol oynayacaq. Yəni AMB yeni yanaşmada sığortaçının bazardakı ölçüsünə daha çox əhəmiyyət verir.

Bu dəyişiklik təsadüfi deyil. Sistem əhəmiyyətli sığortaçı dedikdə, maliyyə sistemindəki çəkisi və fəaliyyəti səbəbindən onun üzləşə biləcəyi ciddi problemin digər iştirakçılara və bütövlükdə bazara təsir göstərə biləcəyi şirkətlər nəzərdə tutulur. Ona görə də belə şirkətlərin müəyyənləşdirilməsi yalnız statistik məsələ deyil.

Nə qədər böyük sığortaçı, bir o qədər böyük sistem riski — və bir o qədər ciddi nəzarət ehtiyacı. Yeni meyarlarla AMB, faktiki olaraq, sığorta bazarında “kim sistem üçün daha vacibdir?” sualına verilən cavabın hesablanma üsulunu dəyişir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)