Reuters: Rusiya 2027-ci ildə müharibəyə rekord 17 trilyon rubl xərcləyəcək
Rusiya hakimiyyəti yeni büdcə layihəsində hərbi xərcləri kəskin artırmağı planlaşdırır. Reuters-in Rusiya hökumətinin sənədlərinə istinadən yaydığı məlumata görə, ölkə 2027-ci ildə müdafiəyə 17,1 trilyon rubl xərcləməyi nəzərdə tutur.
2025-ci ildə növbəti üç il üçün qəbul edilmiş büdcədə 2027-ci il üzrə müdafiə xərcləri 13,5 trilyon rubl səviyyəsində planlaşdırılmışdı. Yeni göstərici əvvəlki planla müqayisədə 3,6 trilyon rubl və ya 27% çoxdur. Reuters-in məlumatına görə, Rusiyanın qarşıdakı üç il ərzində müdafiə sahəsinə ümumi xərcləri 50 trilyon rubla çatacaq.
2025-ci ilin büdcəsində müharibə xərcləri üçün 13,5 trilyon rubl nəzərdə tutulmuşdu və bu, həmin vaxt rekord göstərici idi. 2026-cı il büdcəsində isə müdafiə xərcləri 12,93 trilyon rubl səviyyəsində müəyyən edilmişdi. Bloomberg iyun ayında mənbələrə istinadən Rusiyanın 2026-cı ildə müharibə xərclərini daha 4–5 trilyon rubl artırmağı planlaşdırdığını yazmışdı.
Büdcə kəsiri proqnozu iki dəfə artırılıb
Hökumət sənədlərinə əsasən, Rusiyanın 2026-cı il üzrə büdcə kəsiri proqnozu əvvəlki 1,6%-dən 3,2%-ə yüksəldilib. 2026-cı ildə büdcə xərclərinin 13,2% artaraq 48,6 trilyon rubla çatacağı gözlənilir. Bu məbləğ ölkənin ÜDM-nin təxminən 20,9%-nə bərabər olacaq. Rusiya hökumətinin büdcə layihəsini oktyabrın 1-dək parlamentə təqdim etməsi gözlənilir.
Yeni vergilər hesabına maliyyələşdirmə
Artan büdcə kəsirinin maliyyələşdirilməsi üçün Rusiya 2027-ci ildə yeni vergi artımlarına da hazırlaşır. Hökumət sənədlərinə görə, metallurgiya və mədənçıxarma şirkətlərinin əlavə mənfəətinə tətbiq olunacaq yeni verginin dövlət büdcəsinə ildə təxminən 200 milyard rubl gətirməsi gözlənilir. 2026-cı ildə Rusiyanın xalis borclanmasının 26% artaraq 5 trilyon rubla çatacağı planlaşdırılır. Bundan başqa, büdcə kəsirinin azaldılması üçün ölkənin Milli Rifah Fondunun likvid hissəsindən 459 milyard rubl, yəni həmin vəsaitlərin təxminən 11%-i istifadə ediləcək.
Neft-qaz gəlirləri üzrə proqnoz azaldılıb
Sənədlərdə Rusiyanın 2026-cı il üçün neft-qaz gəlirləri proqnozunun da aşağı salındığı göstərilir. Əvvəlki proqnozda bu gəlirlərin 8,9 trilyon rubl olacağı gözlənilirdi. Yeni hesablamaya görə isə göstərici 7,6 trilyon rubl təşkil edəcək.
Eyni zamanda Rusiyanın dövlət borcunun 2027-ci ildə ÜDM-in 21,7%-nə yüksələcəyi proqnozlaşdırılır. 2026-cı ildə bu göstəricinin 19,9% olacağı gözlənilir. Hökumətin əvvəlki yanaşmasına görə, 20%-lik hədd təhlükəsiz səviyyə kimi qiymətləndirilirdi. 2027-ci ildə Rusiyanın ümumi borclanmasının isə 43% artaraq 7,7 trilyon rubla çatacağı gözlənilir. Reuters-in hesablamasında 1 ABŞ dolları 84,4113 rubl kimi götürülüb. Buna əsasən, 17,1 trilyon rubl təxminən 202,6 milyard dollara bərabərdir.

















