TURİZM

Turistlər niyə palçıq püskürən təpələrin arxasınca Azərbaycana gəlirlər?

Bakıdan çox uzağa getmədən özünüzü sanki başqa planetdə hiss edə bilərsiniz. Nə yaşıl meşə, nə uca dağ, nə də dəniz mənzərəsi... Qarşınızda boz-qəhvəyi təpələr, torpaqdan çıxan qaz qabarcıqları və zaman-zaman “qaynayan” palçıq. Bura Palçıq Vulkanları Turizm Kompleksidir. Və görünür, dünyadan gələn turistlər bu mənzərəni kifayət qədər maraqlı hesab edirlər.

Azərbaycan haqqında xarici turistə danışanda adətən Xəzər, İçərişəhər, Şəki, Qarabağ, Qafqaz dağları yada düşür. Azərbaycanın turistə təklif etdiyi ən qeyri-adi təbiət hekayələrindən biri məhz palçıq vulkanlarıdır.

Bu dəfə Dövlət Turizm Agentliyinin dəvəti ilə Palçıq Vulkanları Turizm Kompleksinə mediatur zamanı həmin mənzərənin içindən keçdik. İlk təəssürat isə belədir: bura sadəcə palçıq vulkanına baxmağa gedilən yer deyil, təbiət, elm, geologiya və macəranın birləşdiyi yeni turizm məhsuludur. Və rəqəmlər də buna marağın artdığını göstərir.

8 ayda 30 minə yaxın turist

2026-cı ilin yanvar-avqust aylarında Palçıq Vulkanları Turizm Kompleksinə 30 minə yaxın turist gəlib. Daha maraqlısı isə ziyarətçilərin strukturudur.

Qoruqların İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəylinin açıqlamasına görə, kompleksdə xarici turistlərin payı 93-94 faizə çatır. Bu göstərici palçıq vulkanlarının Azərbaycanın turizm məhsulu kimi xüsusilə xarici auditoriyada maraq doğurduğunu göstərir. Başqa sözlə, bu mənzərə bizim üçün gündəlik coğrafiya dərsliyinin bir hissəsi kimi görünə bilər, amma xarici turist üçün kifayət qədər ekzotikdir. Çünki turist həmişə “gözəl” mənzərə axtarmır. Bəzən onun axtardığı “fərqli” mənzərədir.

Azərbaycanın “başqa planet”i

Palçıq vulkanları klassik vulkanlardan fərqlənir. Burada lava yox, yerin dərinliklərindən çıxan qaz, su və palçıq qarışığı səthə çıxır. Azərbaycan isə bu təbiət hadisəsinin dünyadakı ən unikal məkanlarından biridir.

Rəsmi məlumatlara görə, dünyada məlum olan 2 mindən çox palçıq vulkanının 350-dən çoxu Azərbaycanın şərqində və Xəzər akvatoriyasında yerləşir. Onlar Abşeron yarımadası, Bakı ətrafındakı adalar, Şamaxı, Qobustan və cənub-şərqi Şirvan ərazilərində yayılıb.

Azərbaycan Turizm Bürosunun məlumatında isə qeyd olunur ki, ölkədəki bəzi palçıq vulkanlarının hündürlüyü yüzlərlə metrə çata bilir və dünyanın ən böyük palçıq vulkanlarından Torağay və Böyük Qanlıdağ da Azərbaycandadır. Bu rəqəmlər Azərbaycan üçün sadəcə geoloji fakt deyil, hazır turizm resursudur. Məsələ həmin resursu turistin başa düşəcəyi və yaşamaq istəyəcəyi məhsula çevirməkdir.

Vulkanın özündən daha böyük hekayə

Mediatur zamanı diqqət çəkən məqamlardan biri də kompleksin yalnız vulkana baxmaq üzərində qurulmamasıdır. Ərazidə Turizm İnformasiya Mərkəzi, təbiət tarixi və mineral sərgiləri, emalatxanalar, restoran, panoramlı müşahidə nöqtəsi və piyada yolları yaradılıb. Kompleksdə Azərbaycanın müxtəlif bölgələrindən gətirilmiş 80-ə yaxın mineral nümunəsi nümayiş etdirilir. Təbiət tarixi sərgisində isə heyvan skeletləri, həşəratlar və digər eksponatlar vasitəsilə Azərbaycanın biomüxtəlifliyi təqdim olunur. Yəni “gəldin, vulkana baxdın, getdin” yox, “gəldin, gördün, öyrəndin, fərqliliyi hiss etdin”.

Müasir turistin səyahətdən gözləntisi yalnız foto çəkmək deyil. O, gördüyü yer haqqında hekayə, təcrübə və yadda qalacaq bir hiss də istəyir.

Qılınc vulkanı: əsas qəhrəman

Kompleksdə turistlərin yaxından izləyə bildiyi əsas təbii obyektlərdən biri “Qılınc” palçıq vulkanıdır. “Qılınc” bir sırada düzülmüş 8 sopkadan, yəni vulkanik təpədən ibarətdir. Vulkanın ətrafındakı brekçiya sahəsi təxminən 20 hektara yayılır. Əraziyə baxanda insanın ağlına ilk gələn fikir heyrətamizdir: “Bunlar, Azərbaycandadır?”

Bəlkə də kompleksin turist üçün ən böyük üstünlüyü məhz budur. O, Azərbaycana gələn qonağa artıq tanıdığı Bakı görüntüsündən tamamilə fərqli bir Azərbaycan göstərir.

Xarici turist niyə buraya gəlir?

Burada maraqlı bir turizm psixologiyası var. Xarici turist üçün palçıq vulkanı sadəcə təbiət hadisəsi deyil. O, “mən bunu hər yerdə görə bilmərəm” kateqoriyasına daxil olan təcrübədir.

Azərbaycan Turizm Bürosu da palçıq vulkanlarını Bakının yaxınlığında yerləşən qeyri-adi təbiət hadisəsi kimi təqdim edir. Kompleksdə vulkanları daha rahat izləmək üçün kvadrosikllər və qolf-kartlarla turlar da təşkil olunur. Bu isə turizm məhsulunun vacib komponenti olan “Macəra görmək” istəyini yaradır.

Boz landşaftda kvadrosikllə hərəkət etmək, vulkan kraterlərinə yaxınlaşmaq, palçığın necə “qaynadığını” izləmək və sonra panoramlı müşahidə nöqtəsindən əraziyə baxmaq klassik muzey ziyarətindən tamamilə fərqli təcrübədir.

30 min rəqəminin arxasında nə var?

8 ayda 30 minə yaxın ziyarətçi hələ kütləvi turizm göstəricisi deyil. Amma 93-94 faizinin xarici turistlərin olması palçıq vulkanlarının artıq beynəlxalq turizm marşrutlarında özünə yer tapdığını göstərir. 2025-ci ilin yanvar-sentyabr aylarında da kompleksə 42 736 nəfər baş çəkmişdi və onların 89,1 faizi xarici turistlər olmuşdu. Bu göstərir ki, palçıq vulkanları Azərbaycanda turizm üçün “niş” məhsul olmaqdan çıxaraq xarici turistlərin diqqətini çəkən əsas təbiət məkanlarından birinə çevrilir.

Ora necə getməli?

Ən praktik çətinlik yoldur. Qoruqların İdarəetmə Mərkəzinin rəhbəri Murad Ağabəyli də kompleksə xüsusi nəqliyyatın təşkilinin asan olmadığını bildirib. Səbəb budur ki, palçıq vulkanlarının yerləşdiyi ərazilər şəhər mərkəzində deyil, relyefi də adi şəhər turizmi üçün nəzərdə tutulmuş marşrutlardan fərqlənir. Bu, əslində, problemdən daha çox növbəti inkişaf mərhələsinin sualıdır. Çünki turist sayının artması ilə belə suallar daha çox aktuallaşacaq: Bakından kompleksə necə gedək? Gündəlik transfer olacaqmı? Turizm şirkətləri paket turlara daxil edəcəkmi? Fərdi turist üçün nəqliyyat nə qədər rahat olacaq?

Palçıq vulkanlarının gələcək turizm potensialını artırmaq üçün bəlkə də növbəti böyük addım məhz “son kilometr” probleminin həlli olacaq.

Palçıq vulkanı həm də sahibkarlıq imkanına çevrilə bilər

Turizmin gözəl tərəfi odur ki, turistin gördüyü bir təbii obyektin iqtisadi təsiri yalnız bilet satışı ilə məhdudlaşmır. Ətrafında yerli nəqliyyat, bələdçi xidməti, kafe və restoranlar, suvenir istehsalı, əl işləri, foto-video xidmətləri, yerli məhsulların satışı, macəra turları, tematik ekskursiyalar üçün imkanlar yarana bilər.

Kompleksin yaradılması artıq ətraf ərazilərdə yaşayan insanlar üçün 60-dan çox yeni iş yerinin açılmasına imkan verib. Deməli, söhbət təkcə bir vulkanın turistə göstərilməsindən getmir.

“Turist Azərbaycandan başqa harada belə bir şeyi görə bilər?” - çox az yerdə.

Mediaturdan qayıdarkən məndə qalan əsas təəssürat budur: Palçıq Vulkanları Turizm Kompleksi əslində bir təbiət obyektinin necə hekayəyə çevrilə biləcəyini göstərir.

Bir vaxtlar kənardan baxanda sadəcə “palçıq çıxan təpələr” kimi görünən landşaft bu gün turistin pul ödəyərək görmək istədiyi, haqqında foto paylaşdığı və səyahət proqramına daxil etdiyi bir təcrübəyə çevrilir. 8 ayda 30 minə yaxın ziyarətçi bu hekayənin auditoriyasının olduğunu göstərir. Daha rahat nəqliyyat, daha çox turizm şirkətinin marşrutlara daxil etməsi, yeni təcrübə məhsulları və daha güclü beynəlxalq tanıtım lazımdır.

Bir sözlə, bəzən turizm üçün yeni bir möcüzə yaratmağa ehtiyac yoxdur. Sadəcə, milyonlarla il əvvəl yaranmış möcüzəni turistə düzgün göstərmək kifayətdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)