Süni intellekt xərcləri Meta-nı daha çox borclanmağa sövq edir
“Meta” süni intellekt infrastrukturuna yatırımlarını maliyyələşdirmək məqsədilə dollar və avro istiqrazlarının emissiyası vasitəsilə ən azı 20 milyard dollar cəlb etməyi planlaşdırır.
ENA.az Bloomberg HT-yə istinadən xəbər verir ki, şirkət mümkün istiqraz buraxılışı öncəsi investorların borc alətlərinə marağını qiymətləndirir. Emissiyanın yekun həcmi hələ müəyyənləşməyib və investor tələbindən asılı olaraq 20 milyard dolları keçə bilər.
Məlumata görə, “Meta” investorlarla görüşlərin təşkili üçün “Citigroup” və “Morgan Stanley” banklarına müraciət edib. Dollar istiqrazlarının 5 ildən 30 ilədək, avro istiqrazlarının isə 4 ildən bir qədər çox müddətdən 38 ildən artıq müddətədək dövriyyədə olması nəzərdə tutulur.
Emissiya baş tutarsa, bu, “Meta”nın altı aydan sonra ilk iri həcmli borclanması və avro ilə ilk istiqraz buraxılışı olacaq. Şirkət bununla maliyyələşmə mənbələrini müxtəlif valyutalar üzrə genişləndirməyi hədəfləyir.
“Meta” sonuncu dəfə bu ilin aprelində istiqraz bazarına çıxaraq 25 milyard dollar cəlb edib. Həmin emissiyaya investor tələbi 96 milyard dollara çatmışdı. Lakin son dövrlərdə süni intellekt layihələri ilə əlaqəli borc alətlərinə marağın zəiflədiyi, investorların götürdükləri risk müqabilində daha yüksək gəlirlilik tələb etdiyi bildirilir.
Böyük texnologiya şirkətləri yeni məlumat mərkəzlərinin tikintisi və çip alışlarını maliyyələşdirmək üçün yüz milyardlarla dollar borclanırlar. Bununla yanaşı, süni intellektə yönəldilən böyük investisiyaların gözlənilən gəliri təmin edib-etməyəcəyi ilə bağlı narahatlıqlar da artır.



















