HI-TECH

Hakerlər Avropanın yeddi ölkəsində supermarketlərin soyuducularını sıradan çıxarıb

Avropanın yeddi ölkəsində supermarketlərin soyutma sistemlərinə edilən kiberhücumlar nəticəsində yüzlərlə mağazada soyuducu və dondurucuların temperaturu kəskin yüksəlib. Hadisələr milyonlarla avro dəyərində ərzağın korlanmasına səbəb olub.

Noyabrın 2-nə keçən gecə baş verən hücumlar Belçika, Lüksemburq, İsveç, Finlandiya, İrlandiya, Niderland və Estoniyada qeydə alınıb.

Hakerlər soyuducu sistemlərin uzaqdan idarəetmə mexanizmlərindəki boşluqlardan istifadə edərək temperatur parametrlərini dəyişdirib, bəzi dondurucularda temperaturu 50–55 dərəcəyədək yüksəldiblər. Nəticədə mağazalar satışa yararsız hala düşən təzə və dondurulmuş məhsulları məhv etməli olublar.

Belçikada Delhaize şəbəkəsinin təxminən 40, Carrefour-un 15, Spar-ın isə ən azı 5 mağazasında problem yaranıb. İsveçdə ICA və Coop şəbəkələrinin mağazaları, İrlandiyada isə SuperValu-nun 13 filialı hücumdan təsirlənib. Estoniyada da ən azı bir supermarketdə soyutma sisteminin temperaturu dəyişdirilib.

Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi (NCSC) ölkədə də bu texnologiyalardan istifadə edən müəssisələrdə bir neçə insident qeydə alındığını açıqlayıb. Mərkəzin rəhbəri Riçard Horn şirkətlərin köhnəlmiş sistemlərdən istifadə etməsinin və onların internetə açıq saxlanmasının ciddi təhlükə yaratdığını bildirib.

Məlumata görə, hücumlar soyutma sistemlərinin uzaqdan idarə edilməsinə imkan verən proqram təminatındakı boşluqlardan istifadə edilməklə həyata keçirilib. Bəzi avadanlıqlar artıq təhlükəsizlik yeniləmələri almır.

Qeyd edək ki, oktyabrın 12-də Fransada da oxşar hücum nəticəsində yüzlərlə supermarketin soyutma sistemləri sıradan çıxmış, ərzaq məhsullarına ciddi ziyan dəymişdi. Hücumların arxasında kimin dayandığı hələ müəyyən edilməyib. (techora.ru)

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)