Qazaxıstanın iri NEZ-ləri benzinin Rusiyaya tədarükündən imtina edib — Reuters
Qazaxıstanın iri neft emalı zavodları (NEZ) Energetika Nazirliyinin iyul ayı üçün Rusiyaya benzin tədarükünə ayırdığı kvotalardan istifadə etməyib.
ENA.az xəbər verir ki, bu barədə “Reuters” dörd sahə mənbəsinə istinadən məlumat yayıb.
İyul ayında Pavlodar və Atyrau NEZ-lərinin hər biri Rusiyaya 17,5 min ton AI-92 benzini tədarük edə bilərdi, lakin zavodlar kvotadan istifadə etməməyə qərar verib.
Mənbələr bunu Avropa İttifaqının sanksiyalarına məruz qalmaq riski, Rusiya bankları vasitəsilə ödənişlərlə bağlı çətinliklər və Qazaxıstanın özünün yanacağa ehtiyacı ilə əlaqələndiriblər.
Nəticədə Rusiyaya motor yanacağı ixrac etməyə qərar verən yeganə zavod illik emal gücü 850 min ton olan kiçik “Kondensat” NEZ-i olub. Bu, digər iki zavodun ümumi gücündən təxminən altı dəfə azdır. Zavod iyul ayında Rusiyaya 9 min ton benzin göndərib.
Qazaxıstanda yanacaqla bağlı problemlər fonunda benzin, dizel yanacağı və digər neft məhsullarının avtomobil nəqliyyatı ilə ixracına qadağa qüvvədə qalır. Bununla belə, bəzi benzin markalarının dəmir yolu ilə ixracına icazə verilir.

















