“The New York Times”: Vaşinqton Moskvanı qismən atəşkəsə razı salmaq üçün milyardlarla dollarlıq Rusiya aktivlərini "dondurulmadan çıxarmağı təklif edib
ABŞ Ukrayna ilə müharibədə döyüşlərin qismən dayandırılmasına nail olmaq üçün Rusiyaya üç iqtisadi güzəşt təklif edib. Bunlara Qərbdə dondurulmuş milyardlarla dollar həcmində Rusiya aktivlərinin sərbəst buraxılması, “Lukoyl”un xaricdəki aktivlərinin satışı və Belarusun kalium gübrələri ixracını bərpa etməsinə imkan yaradılması daxildir. Bu barədə The New York Times danışıqların gedişi ilə tanış olan rəsmilərə istinadən yazıb.
Qəzetin mənbələrinin sözlərinə görə, Vaşinqton Qərbdə bloklanmış Rusiya aktivlərinin bir hissəsinin dondurulmasının aradan qaldırılması imkanını müzakirəyə çıxarıb. Bu vəsaitlər atəşkəs qüvvəyə mindikdən sonra veriləcək mükafat kimi deyil, Moskvanı döyüşlərin qismən dayandırılmasına razı salmaq üçün əvvəlcədən təqdim edilə biləcək iqtisadi stimul kimi nəzərdən keçirilib. Təklif olunan atəşkəs enerji infrastrukturu sahəsində və ya dənizdə hərbi əməliyyatların məhdudlaşdırılmasını nəzərdə tuta bilər.
“Lukoyl”un xarici aktivlərinin satışı yenidən gündəmdədir
ABŞ tərəfi, həmçinin Rusiyanın “Lukoyl” şirkətinin xaricdəki aktivlərinin satılması planını yenidən müzakirəyə çıxarıb.
The New York Times yazır ki, mümkün sövdələşmədə alıcı qismində Yaxın Şərqdən olan investorlar qrupu nəzərdən keçirilib. Bu qrupun üzvləri arasında ABŞ-ın danışıqlar aparan nümayəndələri ilə işgüzar əlaqələri olan şəxslərin də olduğu bildirilir.
Qəzetin məlumatına görə, ABŞ prezidenti Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşner sentyabrda Moskva ilə yeni diplomatik təmaslara başlayıblar. Həmin vaxt Ukrayna rəsmiləri ABŞ nümayəndələrinin Rusiyaya təkliflərinin miqyasından təəccübləndiklərini bildiriblər.
Belarusun kalium gübrələri ixracı da müzakirə olunur
Vaşinqtonun üçüncü təklifi Belarusla bağlıdır. Trampın nümayəndələri Belarusun kalium gübrələrinin ixracını bərpa etməsinə imkan verə biləcək əvvəlki təşəbbüsü yenidən gündəmə gətiriblər.
Belarus Rusiyanın yaxın müttəfiqidir və kalium gübrələri ölkənin mühüm ixrac məhsullarından biridir. İxracın bərpası Minsk üçün əlavə valyuta gəlirləri yarada bilər.
Bununla belə, danışıqların hansı mərhələdə olduğu və bu təkliflər üzrə konkret razılaşmanın əldə edilib-edilmədiyi açıqlanmayıb.
Kiyev hansı şərtləri irəli sürür?
The New York Times yazır ki, Ukrayna ABŞ-ın təkliflərini birbaşa rədd etməkdən çəkinib, lakin atəşkəsin pozulması halında işləyəcək konkret təminatların verilməsini istəyib. Kiyevin təklifləri arasında dondurulmuş Rusiya aktivlərindən Ukraynaya da eyni məbləğdə ödənişlərin ayrılması — “dollar-dollar” prinsipi — və ya atəşkəs pozularsa əlavə hərbi yardımın göstəriləcəyinə dair təminatlar olub.
Sentyabrın 5-də Uitkoff və Kuşner yenidən Moskvaya səfər edib, ertəsi gün isə Kiyevə yollanıblar. Qəzetin məlumatına görə, Vladimir Putin həmin görüş zamanı “Lukoyl”un xarici aktivlərinin satılması məsələsini şəxsən qaldırıb.
Financial Times daha əvvəl bu aktivlərin alınmasında “Çelsi” futbol klubunun keçmiş ortaq sahibi Todd Bouli, Birləşmiş Ərəb Əmirlikləri prezidentinin qardaşı şeyx Tahnun və Qətərin əl-Həyyat ailəsinin də daxil olduğu investorlar qrupunun maraqlı olduğunu yazmışdı. Nəşrin məlumatına görə, bu şəxslərin Tramp və Uitkoff ailələri ilə işgüzar əlaqələri var.



















