Avtomobil

Almaniya və Fransa daxiliyanma mühərriklərinə qadağanın yumşaldılmasına razılaşıb

Almaniya və Fransa Avropa İttifaqında (Aİ) 2035-ci ildən etibarən daxiliyanma mühərrikli yeni avtomobillərin satışına tətbiq olunması planlaşdırılan qadağanın daha da yumşaldılması ilə bağlı razılığa gəlib.

ENA.az xəbər verir ki, Almaniya kansleri Fridrix Merts və Fransa Prezidenti Emmanuel Makron bu istiqamətdə ortaq mövqeyə dair razılığa gəliblər.

Hazırkı Aİ qaydaları yeni avtomobillərin karbon emissiyalarının 2035-ci ilədək 100% azaldılmasını nəzərdə tutur. Avropa Komissiyası isə daha əvvəl bu hədəfin 90%-ə endirilməsini təklif edib. Berlin və Parisin yeni planına əsasən, kompensasiya şərti olmadan emissiyaların azaldılması hədəfinin daha 10 faiz bəndi aşağı salınması təklif olunur.

Kompensasiya mexanizmləri nəzərə alınmaqla emissiyaların azaldılması hədəfi 80%-ə qədər endirilə bilər. Bu isə avtomobil istehsalçılarına daxiliyanma mühərrikli avtomobillərin satışını davam etdirmək üçün daha geniş imkan yaradacaq.

Bundan başqa, 2030-cu ilədək emissiyaların 55% azaldılması üzrə aralıq hədəfin də yumşaldılması və istehsalçılara 2028-2032-ci illəri əhatə edən beşillik keçid dövrünün verilməsi təklif olunur. Almaniya isə Fransanın dəstəyi müqabilində Aİ-də istehsal olunan məhsullara üstünlük verilməsini nəzərdə tutan “Buy European” siyasətini dəstəkləməyə hazırdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)