MALİYYƏ

İsi Mustafayev: Zəmanət istiqrazların gəlirliliyini azalda bilər

Zəmanət mexanizmlərinin borc qiymətli kağızları bazarında tətbiqi istiqrazların orta gəlirliliyini 15%-dən 11%-ə endirə, onların tədavül müddətini uzada və institusional investorları bazara cəlb edə bilər. Bu barədə “PAŞA Kapital” QSC-nin baş icraçı direktoru İsi Mustafayev bildirib.

​İsi Mustafayevin sözlərinə görə, hazırda zəmanətsiz istiqrazlar əsasən 1-2 il müddətinə yerləşdirilir. Zəmanət kredit riskini əhəmiyyətli dərəcədə azaltdığı üçün bazarda 3 və ya 5 illik kağızların çıxarılmasını asanlaşdırır. Bu addım həm gəlirliliyin aşağı düşməsinə, həm də investor bazasının, xüsusilə institusional investorların genişlənməsinə zəmin yaradır.

​“Zəmanət olduqda investor yalnız emitentin özünün kredit riskini qiymətləndirmir. Bu, riskin azalmasına, kupon faizinin aşağı düşməsinə və daha uzunmüddətli kağızların bazarda yerləşdirilməsinə şərait yaradır”, -  Mustafayev vurgulayıb.

​Şirkət rəhbəri həmçinin qeyd edib ki, real sektordan olan bir şirkətin təxminən 13% gəlirliliklə qiymətli kağızlarının buraxılışında anderrayter kimi iştirak ediblər və zəmanətin olması həmin kağızların uğurla yerləşdirilməsini təmin edən əsas amillərdən biri olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)