MALİYYƏ

AMB: BOKT-ların nizamnamə kapitalına dair tələblərə dəyişikliklər ediləcək

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) nizamnamə kapitalı ilə bağlı tələblərə dəyişikliklər edilməsi nəzərdə tutulur.

Bunu Azərbaycan Mərkəzi Bankının sədr müavini Toğrul Əliyev "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin təşkil etdiyi, Bakıda keçirilən 12-ci Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf Konfransında bildirib.

"Ötən strateji dövr ərzində ölkədəki BOKT-ların aktivləri 2,3 dəfə artıb, onların maliyyə sektorundakı payı ildə 0,8 faiz bəndi artaraq 2,4 % təşkil edibş Maliyyə sektorunun dayanıqlı inkişafı üçün investorların vəsaitləri və alternativ maliyyələşmə kanalları daha fəal rol oynamalıdır. Bunun üçün investorların etimadını təmin edən şəffaf hesabatlılıq, sağlam korporativ idarəetmə, etibarlı risk-menecmenti və aydın tənzimləyici çərçivə ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə mikromaliyyə modeli üzrə strateji çərçivəmizdən irəli gələrək BOKT-lərin nizamnamə kapitalına dair dəyişikliklər paketi üzərində işi davam etdirmişik. Ötən dövr ərzində bu məsələnin sektor daxilində müzakirəsini də təmin etmişik. Eyni zamanda, BOKT-lər üçün korporativ idarəetmə standartları layihəsi hazırlanıb ki, bu da onların institusional potensialının artırılmasına mühüm töhfə verəcək", - deyə o qeyd edib.

Bundan başqa, AMB rəmisi deyib ki, mikromaliyyə real iqtisadiyyatla dayanıqlı inkişaf arasında körpüdür

"Mikromaliyyə haqqında danışarkən adətən kiçik məbləğli kreditlər vasitəsilə sahibkarlığın maliyyələşdirilməsini, maliyyə vasitəçiliyinin və maliyyə xidmətlərinə çıxış imkanlarının təmin olunmasını nəzərdə tuturuq. Lakin qeyd edilməlidir ki, mikromaliyyənin əsl dəyəri kreditlərin həcmi ilə deyil, maliyyələşdirdiyi iqtisadi imkanların dayanıqlılığı ilə ölçülməlidir. Buna görə də mikromaliyyəyə maliyyə sektorunun bir hissəsi olmaqla yanaşı, real sektor, real iqtisadiyyat və dayanıqlı inkişaf arasında körpü kimi baxmalıyıq. Məhz bu yanaşma müəyyən etdiyimiz "2022–2026-cı illər üzrə maliyyə sektorunun inkişaf strategiyası"nda, eləcə də mikromaliyyə modeli üzrə strateji çərçivədə öz əksini tapıb. Bu sənədlərdə sahənin institusional əsaslarının gücləndirilməsi və biznesin maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi prioritet istiqamətlər kimi müəyyən edilib", - deyə o əlavə edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)