AMB: BOKT-ların verdiyi biznes kreditləri üzrə ehtiyat tələbləri yumşaldılıb
Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdikləri biznes kreditləri üzrə ehtiyat tələblərini yumşaldıb.
ENA.az xəbər verir ki, bunu AMB-nin Qeyri-bank kredit təşkilatlarına nəzarət departamentinin direktoru Xəyyam İsmayılov "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin təşkil etdiyi, Bakıda keçirdiyi 12-ci Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf Konfransında bildirib.
Onun sözlərinə görə, AMB ötən dövrdə BOKT-ların fəaliyyəti ilə bağlı mühüm addımlar atıb: "Bu məsələləri daim sektorla birlikdə müzakirə etmişik, müvafiq kommunikasiya aparmışıq, qeydlərimizi və təkliflərimizi götürərək dəyişiklikləri həyata keçirmişik. BOKT-larla bağlı çərçivə 2009-cu ildə formalaşdırılıb, qanunvericiliyə 2013-cü ildə əhəmiyyətli dəyişikliklər edilib. Bu dəyişikliklər əsasən bir neçə istiqaməti əhatə edib, fəaliyyətin funksional baxımdan genişləndirilməsi, əlavə fəaliyyət növlərinin müəyyən edilməsi, institusional inkişafın təmin olunması, eləcə də yeni kredit fəaliyyəti istiqamətinin tətbiqi ilə bağlı olub. Qanun qəbul edildikdən sonra aidiyyəti normativ sənədlərə yenidən baxılıb, lisenziyalarla bağlı məsələlər yenidən işlənib, eləcə də risk çərçivəsi formalaşdırılıb".
"Kredit riskləri üzrə çərçivənin yaradılması BOKT-ların institusional quruculuğunda yeni mərhələnin başlanmasına səbəb olub. Bu çərçivədə ehtiyatların yaradılması tələbləri bütün BOKT-lara şamil edilib, kreditlərin istiqamətindən asılı olaraq fərqli yanaşmalar müəyyən olunub. Belə ki, AMB-nin maraqlı olduğu biznes kreditləri üzrə ehtiyatların yaradılması tələblərinə daha yumşaq, istehlak kreditləri üzrə tələblərə isə nisbətən sərt yanaşma tətbiq edilib. İnstitusional quruculuqla bağlı digər bir istiqamət kənar audit hesabatlarının hazırlanması və həmin hesabatların açıqlanması üzrə tələblərin müəyyən edilməsidir. Bu tələblər artıq qüvvəyə minib və tətbiq olunmağa başlanıb. Ümid edirik ki, bu dəyişikliklər BOKT-ların maliyyə göstəricilərinin və məlumatlarının həm hazırlanması, həm də mətbuatda və ictimaiyyətə açıqlanması baxımından yeni mərhələnin başlanmasına şərait yaradıb", - deyə AMB rəsmisi əlavə edib.



















