Süni intellekt data mərkəzləri enerji qıtlığı ilə üzləşir
Süni intellekt sənayesinin inkişafında növbəti ciddi məhdudiyyət yaddaş çatışmazlığından sonra elektrik enerjisi təminatı ola bilər.
ENA.az xəbər verir ki, süni intellekt sistemlərinin işlədiyi hesablama klasterlərinin enerji istehlakı sürətlə artır. Gözlənilir ki, 2027-ci ilin ikinci yarısında təqdim olunacaq NVIDIA-nın Rubin Ultra NVL576 platformalı Kyber server rəfinin güc tələbatı 600 kilovata çatacaq. Bu, əvvəlki Blackwell modelinin 120 kilovatlıq göstəricisindən 5 dəfə çoxdur.
Enerji çatışmazlığının artıq real problemə çevrildiyi bildirilir. Techora-nın Business Insider-ə istinadən yazdığına görə, Amazon təxminən 5 milyard dollar dəyərində NVIDIA GB300 server rəfləri alıb, lakin kifayət qədər elektrik gücü olmadığı üçün onları işə sala bilmir. İstifadəyə verilməyən avadanlıqlar mediada “qaranlıq GPU-lar” adlandırılıb.
Məlumata əsasən, 2022-ci ildə Hopper arxitekturası əsasında qurulan server rəflərinin enerji istehlakı təxminən 40 kilovat, 2024-cü ildə təqdim edilən Blackwell NVL72 sistemində isə 120 kilovat olub. Müqayisə üçün, adi server rəfinin enerji tələbatı təxminən 8 kilovat təşkil edir.
Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatları da data mərkəzlərinin elektrik istehlakının sürətlə artdığını göstərir. Agentliyin proqnozuna görə, onların ümumi elektrik istehlakı 2025-ci ildəki 485 teravatt-saatdan 2030-cu ildə 950 teravatt-saata yüksələ bilər.
Ekspertlərin fikrincə, elektrik şəbəkələrinin və data mərkəzlərinin infrastrukturunun vaxtında modernləşdirilməməsi süni intellekt texnologiyalarının növbəti inkişaf mərhələsini ləngidə bilər.
Mənbə: Techora, IEA



















