HI-TECH

Hakerlər Binance əməkdaşlarını saxta iş müsahibələri ilə aldadıblar - TƏFƏRRÜATLAR

Kriptovalyuta birjası “Binance” oktyabrın 29-da üzləşdiyi 6,34 milyard dollarlıq kiberhücumun təfərrüatlarını açıqlayıb. Şirkətin ilkin araşdırmasına görə, hücum bir neçə mərhələdən ibarət olub və hakerlər sosial mühəndislik, zərərli proqram təminatı və daxili süni intellekt alətlərindən istifadə ediblər.

ENA.az xəbər verir ki, “Binance”in yaydığı hesabatda hücumun sadə fişinq cəhdi və ya bir təhlükəsizlik boşluğu ilə məhdudlaşmadığı bildirilib. Şirkət hadisənin arxasında Şimali Koreyanın dayandığı barədə ABŞ Federal Təhqiqatlar Bürosunun (FBI) məlumatını da açıqlayıb.

Araşdırmaya əsasən, hücumun hazırlıq mərhələsi 2026-cı ilin iyununda başlayıb. Hakerlər “Binance” əməkdaşlarından birinin kompüterinə dəyişdirilmiş proqram təminatı vasitəsilə daxil olublar. Sentyabrda isə başqa bir əməkdaş saxta iş müsahibəsi adı altında zərərli proqram yükləməyə yönləndirilib.

Oktyabrın 20-də hücum edənlər ələ keçirilmiş kompüter və şirkətin daxili süni intellekt alətindən istifadə edərək digər əməkdaşların sistemlərinə çıxış əldə ediblər. Oktyabrın 29-da isə oğurlanmış giriş məlumatları vasitəsilə zərərli skript işə salınıb və birjanın daxili pul kisəsi imzalama xidmətinə icazəsiz müdaxilə edilib.

Nəticədə “Binance”in beş isti pul kisəsindən 233,46 milyon XRP, “Solana” şəbəkəsindən təxminən 970 500 SOL, “Optimism” şəbəkəsindən 44,2 milyon OP və daha sonra 18 270 BTC hücumçuların nəzarətində olan ünvanlara köçürülüb.

Şirkətin məlumatına görə, hadisə zamanı ümumilikdə 6,34 milyard dollar dəyərində rəqəmsal aktiv təsirlənib. Bunlardan 2,85 milyard dolları dondurulub və ya ələ keçirilib. “Binance” oktyabrın 31-nə olan vəziyyətə görə zərərçəkən aktivlərin 98%-ni bərpa etdiyini, qalan hissənin isə likvidliyi aşağı olan aktivlərdən ibarət olduğunu bildirib.

“Binance” hücumdan təsirlənən pul kisəsi sistemini yeni mühitdə yenidən qurduğunu, komprometasiya olunmuş cihazları dəyişdirdiyini, giriş məlumatlarını və açarları ləğv etdiyini açıqlayıb. Şirkət həmçinin müstəqil kibertəhlükəsizlik ekspertlərinin araşdırmasına başlayacağını və süni intellekt əsaslı təhlükə aşkarlama sistemlərinə investisiyaları artıracağını bildirib.

Qeyd edək ki, FBI hücuma görə Şimali Koreyanı məsul hesab edir. Pxenyan isə bu cür ittihamları əvvəllər də rədd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)