Instagram 90 dəqiqəyədək üfüqi videoların yüklənməsini sınaqdan keçirir
Instagram sosial şəbəkəsi uzun və üfüqi formatlı videoların paylaşılması imkanını sınaqdan keçirməyə başlayıb. Variety nəşrinin məlumatına görə, yeni formatda müddəti 90 dəqiqəyədək olan videoları paylaşmaq mümkün olacaq.
Features adlandırılan yeni format hazırda ABŞ və Braziliyada məhdud sayda kontent yaradıcısı üçün əlçatandır.
Funksiyanın əksər istifadəçilər üçün nə vaxt istifadəyə veriləcəyi hələ məlum deyil.
Instagram əvvəllər də uzun üfüqi videolar üçün ayrıca format təqdim etmişdi. IGTV adlanan bu xidmət 2018-ci ildə YouTube ilə rəqabət aparmaq məqsədilə yaradılmışdı. Lakin geniş populyarlıq qazana bilmədiyindən 2021-ci ildə bağlandı. Bundan sonra sosial şəbəkə əsas lentdə paylaşılan videoların müddətini bir saata qədər artırdı.
















