Qlobal aviasiyada müharibə böhranı: 36 min uçuşun 50 faizdən çoxu ləğv edilib
ABŞ-İsrail və İran arasında müharibənin başlanmasından sonra regiona həyata keçirilən uçuşların yarıdan çoxu dayandırılıb.
Aviasiya məlumatlarının analizi ilə məşğul olan Cirium Ltd. şirkətinin açıqladığı məlumatlara görə, 28 fevraldan bəri planlaşdırılan 36 min uçuşun 50 faizdən çoxu – təxminən 23 min uçuş ləğv edilib.
Bu isə qlobal miqyasda təxminən 4,4 milyon sərnişin oturacağı tutumunun istifadədən çıxması deməkdir.
Körfəz aviaşirkətləri çətin vəziyyətdə
Emirates aviaşirkəti şənbə gününə qədər Dubaydan həyata keçirilən və Dubaya gələn uçuşları dayandırdığını açıqlayıb. Şirkət böhranın başlanmasından bəri 2 mindən çox reysi ləğv etmək məcburiyyətində qalıb.
Qatar Airways də Doha mərkəzli əməliyyatlarını ikinci bir açıqlamaya qədər dayandırıb. Bununla yanaşı, şirkət bölgədə qalan sərnişinlərin daşınması üçün London, Berlin, Amsterdam kimi Avropanın əsas mərkəzlərinə məhdud sayda təxliyə uçuşları təşkil edəcəyini bildirib.
Digər tərəfdən, Lufthansa Group Təl-Əviv, Beyrut, Amman və Ərbil istiqamətlərinə uçuşları martın 8-dək dayandırıb və İsrail, Livan, İordaniya, İraq, Qətər və İran hava məkanlarından istifadə etməyəcəyini açıqlayıb.
British Airways isə Əbu-Dabi, Amman, Bəhreyn və Doha kimi mühüm marşrutlarda uçuşları müvəqqəti dayandırıb.
Alternativ marşrutlar axtarılır
Böhranın iqtisadi təsiri də getdikcə artır. China Trading Desk məlumatına görə, Çinli turistlərin Birləşmiş Ərəb Əmirliklərinə planlaşdırdığı 77 mindən çox səfərin ləğvi təkcə bu istiqamət üzrə 170 milyon dollarlıq xərcləmə itkisinə səbəb olub.
Buna paralel olaraq, BƏƏ İqtisadiyyat Nazirliyi saatda 48 uçuşa icazə veriləcək “təhlükəsiz hava dəhlizləri” yaratmaq üzərində işləyir.
Bu arada Hindistanın Air India, IndiGo və SpiceJet kimi aviaşirkətləri bölgədə qalan sərnişinləri təxliyə etmək üçün əlavə reyslər təşkil edir.
Hava məkanı bağlanıb
Flightradar24 məlumatına görə, İran, İraq, Suriya və İsrailin hava məkanları tam bağlanıb.
İordaniya gecə saatlarında, Səudiyyə Ərəbistanı isə İraq sərhədi boyunca qismən hava məkanını bağlayıb.
Bu vəziyyət Avropa ilə Asiya arasında əsas hava nəqliyyatı marşrutlarını iflic edir, nəticədə uçuşların müddəti uzanır və yanacaq xərcləri artır.
















