HI-TECH

Rusiyada “Yandex”in üç məlumat mərkəzinə dron hücumları xidmətlərdə fasilələr yaradıb

Rusiyada “Yandex” şirkətinin üç məlumat mərkəzinə pilotsuz uçuş aparatları ilə hücumlar nəticəsində şirkətin rəqəmsal xidmətlərində və bulud infrastrukturunda ciddi fasilələr yaranıb.

ENA.az xəbər verir ki, “Techora” nəşrinin məlumatına görə, oktyabrın 8-də Ryazan vilayətinin Sasovo şəhərində, oktyabrın 9-da Kaluqada, oktyabrın 11-də isə Vladimirdə yerləşən məlumat mərkəzləri hücuma məruz qalıb. Nəticədə bəzi obyektlərin fəaliyyəti dayanıb, Yandex Cloud platforması isə fövqəladə iş rejiminə keçib.

Nasazlıqlar “Yandex Go”, “Yandex Mail”, “Yandex Maps” və digər xidmətlərə, eləcə də şirkətin serverlərindən istifadə edən bəzi müştərilərin sistemlərinə təsir göstərib. Rusiyanın bəzi bölgələrində taksi sifarişləri çətinləşib, sürücülərin işində və digər rəqəmsal xidmətlərdə fasilələr yaranıb. Nəşr bəzi problemlərin MDB ölkələrində də müşahidə olunduğunu bildirir.

“Yandex” infrastrukturun bərpası üzərində işlədiyini açıqlayıb. Şirkət müştərilərin məlumat və xidmətlərinin yerləşdirilməsi üçün digər bulud provayderləri ilə də əməkdaşlıq edir. Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyi isə məlumat mərkəzlərinin fiziki mühafizəsi məsələsinin Müdafiə Nazirliyi ilə birgə nəzərdən keçirildiyini bildirib.

Hadisələr məlumat mərkəzlərinin enerji təchizatı, ehtiyat infrastrukturu və kiber-fiziki təhlükəsizliyinin rəqəmsal xidmətlərin fasiləsizliyi üçün əhəmiyyətini bir daha gündəmə gətirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)